İmtahanlara qanunsuz texniki vasitə keçirməklə ittiham edilən təhsil eksperti Kamran Əsədov həbs edilib.
APA xəbər verir ki, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub.
Kamran Əsədov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.