RU

Həmin uşaq xəstəxanaya, ana isə psixiatriya müəssisəsinə yerləşdirildi - RƏSMİ

Tovuz rayonunda ana və 11 yaşlı övladının küçədə yaşaması ilə bağlı məsələ ictimailəşdiriləndən sonra onlarla bağlı tədbir görülüb. 

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, daxil olmuş məlumat Komitə tərəfindən nəzarətə götürülüb.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11 yaşlı uşaq  Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.

Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, uzun illərdir ki, Tovuz şəhərinin küçələrində bir ana və oğlunun evsiz-eşiksiz, ac-susuz yaşadığı haqda məlumat yayılmışdı. Ötən gün "Qafqazinfo"nun məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətdən sonra qurumdan Sosial Xidmətlər Agentliyinin prosesə cəlb olunduğu bildirilib, ana Aybəniz Qasımovanın Qazax Rayon Psixiatriya Xəstəxanasına, 12 yaşlı övladının isə müvafiq səhiyyə müəssisəsinə yerləşdiriləcəyi qeyd edilmişdi. 

Избранный
85
13
day.az

10Источники