RU

Qısa gündüz yuxusu beynin yeni məlumatları mənimsəməsinə kömək edir

Cenevrə Universiteti və Frayburq Universitet Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, hətta qısamüddətli gündüz yuxusu belə beynin bərpasına şərait yaradır və yeni məlumatların mənimsənilməsini yaxşılaşdırır. Araşdırmanın nəticələri "NeuroImage" jurnalında dərc olunub.

Alimlər sübut ediblər ki, gün ərzində 40-50 dəqiqəlik yuxu aktiv gün ərzində neyron əlaqələrində toplanan yüklənməni azaltmaq üçün kifayətdir. Oyaq qaldığımız müddətdə sinir hüceyrələri arasındakı əlaqələr güclənir ki, bu da öyrənmə prosesi üçün vacibdir. Lakin zaman keçdikcə bu proses doyma nöqtəsinə çatır və beynin yeni məlumatları qəbul etmə qabiliyyəti aşağı düşür. Yuxu isə "sinaptik təmizlənmə" prosesini işə salaraq, yeni əlaqələrin qurulması üçün beynin resurslarını azad edir.

Tədqiqatda 20 sağlam gənc iştirak edib. Onlar fərqli günlərdə ya gündüz vaxtı yatıb, ya da oyaq qalıblar. Neyron şəbəkələrinin çevikliyi və öyrənməyə hazırlığı elektroensefaloqrafiya və transkranial maqnit stimullaşdırılması vasitəsilə qiymətləndirilib. Gündüz yuxusundan sonra əlaqələrin ümumi aktivliyinin azaldığı, eyni zamanda, yenilərini formalaşdırmaq qabiliyyətinin artdığı müşahidə olunub ki, bu da bərpaedici effektdən xəbər verir.

Müəlliflərin sözlərinə görə, bu nəticələr qısa yuxudan sonra insanların niyə daha asan diqqətini cəmlədiyini və məlumatları daha yaxşı mənimsədiyini izah edir. Bu effekt yüksək zehni yük tələb edən sahələrdə - təhsil, iş, idman və ya dəqiqlik tələb edən peşələrdə xüsusilə faydalıdır. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, söhbət gecə istirahətini əvəz edən deyil, məhz qısamüddətli gündüz yuxusundan gedir.

S.ELAY

XQ

Избранный
44
1
xalqqazeti.az

2Источники