RU

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında yeni alınmış avadanlıqların təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında müasir texnologiyalar əsasında alınmış yeni mətbəə avadanlıqlarının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Bölmə əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Ulu öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə 7 avqust 2002-ci ildə yaradılıb və 2003-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. O, Ulu öndərin Bölmənin yaradılmasına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrin strateji əhəmiyyətini dərindən təhlil etdiyini vurğulayaraq qeyd edib ki, ötən dövrdə həm Ümummilli liderin, həm də Azərbaycan Respublikası Prezidentinin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilib. 

Akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, “Tusi” nəşriyyatı 2005-ci ildən fəaliyyət göstərir və AMEA Naxçıvan Bölməsinin ilk elmi nəşri olan “Elmi əsərlər” jurnalının birinci nömrəsi məhz bu nəşriyyatda çap olunub. Sonrakı illərdə Bölmənin elmi jurnalları, illik hesabatları, biblioqrafik göstəriciləri və digər elmi-xarakterli nəşrlər “Tusi” nəşriyyatında işıq üzü görüb. O, yeni alınmış avadanlıqların nəşriyyatın maddi-texniki bazasını əhəmiyyətli dərəcədə gücləndirdiyini, əsas məqsədin isə bu imkanlardan səmərəli və məqsədyönlü istifadə etməklə elmi nəşrlərin keyfiyyətini daha da yüksəltmək olduğunu vurğulayıb. 

Akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinə göstərilən diqqət və qayğıya görə öz adından və kollektiv adından minnətdarlığını bildirib.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Tusi” nəşriyyatında ən son texnologiyalar əsasında kolioqrafiya bazasının yenidən qurulması münasibətilə Naxçıvan Bölməsinin kollektivini və nəşriyyatın əməkdaşlarını təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyindəki çıxışında, eləcə də 5 yanvar 2026-cı ildə televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan elminin inkişafını ölkənin gələcək prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini xatırladıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, akademiyada aparılan islahatlar, xüsusilə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülən işlər artıq yeni mərhələyə qədəm qoyub. Bu baxımdan AMEA Naxçıvan Bölməsində ”Tusi” nəşriyyatının yeni mətbəə avadanlıqları ilə təchiz olunması rəqəmsal elmin inkişafı və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası baxımından mühüm addımlardan biridir. O, Naxçıvan Bölməsinin böyük elmi potensiala malik olduğunu, adam başına düşən elmi nəşrlərin sayına görə ön sıralarda yer aldığını vurğulayıb.

Akademik İsa Həbibbəyli yeni avadanlıqların yüksək çap imkanlarına malik olduğunu, bu texnologiyaların yalnız çap prosesinin təkmilləşdirilməsinə deyil, eyni zamanda elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə, Naxçıvanda elmi mühitin daha da canlanmasına və ümumilikdə, Bölmənin inkişafına ciddi stimul verəcəyini bildirib.

Nəşriyyatın əməkdaşı Qafar Qənbərov yeni avadanlıqlar barədə məlumat verib və göstərilən qayğıya görə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bildirib ki, yeni alınmış avadanlıqlar elmin inkişafına mühüm stimul verəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin elm sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektiv olaraq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə icra edəcəklər.

Təqdimat mərasimi iştirakçıların yeni avadanlıqlarla yaxından tanış olması və nəşriyyatın texniki imkanlarının nümayişi ilə davam edib.

Sonda xatirə şəkli çəkilib.

Səbuhi HƏSƏNOV

 

 

Избранный
44
2
xalqqazeti.az

3Источники