RU

Gender bərabərliyi siyasətində yeni mərhələ

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan şərq və müsəlman ölkəsi olaraq gender bərabərliyini ən yüksək səviyyədə təmin edən ölkələrdən biridir

Qanunverici orqanda qadınların təmsilçiliyi 20 faizdən çoxdur və məşğul əhalinin 48 faizdən artıq hissəsini qadınlar təşkil edir

Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasəti yeni mərhələyə qədəm qoyur. “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının əlaqələndirilməsi və sistemli şəkildə izlənməsi məqsədilə institusional mexanizmlər formalaşdırılır. Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarlar gender siyasətinin daha ardıcıl və ölçülə bilən formada həyata keçirilməsinə yönəlib.

Mütəxəssislərin fikrincə, bu addımlar gender bərabərliyi məsələsinə yalnız sosial aspektdən deyil, eyni zamanda idarəetmə və inkişaf siyasətinin tərkib hissəsi kimi yanaşıldığını göstərir. Yeni qərarlar icra, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsini nəzərdə tutur ki, bu da görülən işlərin real nəticələrini qiymətləndirməyə imkan yaradacaq.

İşçi qrup: əlaqələndirmə və məsuliyyət mexanizmi

Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət İşçi Qrup yaratmalıdır. Bu Qrupun formalaşdırılması gender bərabərliyi sahəsində görülən işlərin müxtəlif dövlət qurumları arasında uzlaşdırılmasına xidmət edəcək.

İşçi Qrupun fəaliyyətində əsas məqsəd tədbirlərin icrasına nəzarət etmək, qarşıya çıxan çətinlikləri vaxtında müəyyənləşdirmək və icra prosesində koordinasiyanı təmin etməkdir. Dövlət Komitəsi ildə bir dəfə Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirmə hesabatının İşçi Qrup tərəfindən müzakirəsini təşkil etməlidir. Bu isə qərarların təkcə kağız üzərində qalmamasına, praktiki nəticələrə fokuslanmasına şərait yaradır.

Elektron monitorinq və hesabatlılıq

Milli Fəaliyyət Planının icrasında diqqət çəkən əsas yeniliklərdən biri də monitorinq və hesabatlılıq modulunun yaradılmasıdır. Qərara əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu modulun Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində formalaşdırılmasını təmin etməlidir.

Modul vasitəsilə tədbirlərin icra vəziyyəti icraçı qurumlar, iqtisadi rayonlar, şəhər və rayonlar, eləcə də icra müddətləri üzrə təsnifatlandırılacaq. Bu yanaşma gender bərabərliyi sahəsində görülən işlərin real vəziyyətini əks etdirən məlumat bazasının formalaşmasına imkan verəcək. Eyni zamanda, bu sistem hesabatlılığın gücləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilir.

Mərkəz 2027-ci ildən başlayaraq hər il aprelin 30-dək monitorinq nəticələri barədə Nazirlər Kabinetinə məlumat təqdim etməli, qiymətləndirmə nəticələrini isə 2029-cu il iyunun 30-dək təqdim etməlidir. Bu, həm qısa, həm də uzunmüddətli nəticələrin təhlilinə imkan yaradan mərhələli yanaşmadır.

Hüquqi baza və real praktikalar

Azərbaycanda gender bərabərliyinin hüquqi əsası Konstitusiya və müvafiq qanunvericilik aktları ilə təsbit olunub. Qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması prinsipi təhsil, əmək, sosial təminat və ictimai-siyasi iştirak sahələrində əsas norma kimi qəbul edilir. Milli Fəaliyyət Planı isə bu hüquqi prinsiplərin real praktikada daha effektiv tətbiqinə yönəlib.

Son illər qadınların təhsil səviyyəsinin yüksəlməsi, əmək bazarında iştirakının artması və idarəetmədə təmsilçiliyinin genişlənməsi müsbət tendensiya kimi qiymətləndirilir. Bununla yanaşı, gender bərabərliyi məsələsinə yanaşmada tədricilik və balans prinsipi əsas götürülür. Mütəxəssislər qeyd edirlər ki, bu sahədə davamlı nəticələr yalnız institusional yanaşma və ictimai maarifləndirmə ilə mümkündür.

Sosial harmoniya və dayanıqlı inkişaf baxımından əhəmiyyəti

Gender bərabərliyi təkcə qadınların hüquqlarının müdafiəsi deyil, eyni zamanda cəmiyyətdə sosial harmoniya və qarşılıqlı məsuliyyətin möhkəmləndirilməsi deməkdir. Ailə institutunun qorunması, qadın və kişilərin ictimai həyatda qarşılıqlı tamamlayıcı rolu və stereotiplərin tədricən zəiflədilməsi bu siyasətin əsas istiqamətlərindəndir.

Yeni Milli Fəaliyyət Planı və onun icrası üçün yaradılan mexanizmlər göstərir ki, Azərbaycan gender bərabərliyinə mərhələli, sistemli və ölçülə bilən yanaşmanı prioritet hesab edir. Bu yanaşma sosial siyasətin daha effektiv qurulmasına, resursların düzgün istiqamətləndirilməsinə və uzunmüddətli inkişaf məqsədlərinə xidmət edir.

“Azərbaycan liderliyini hər zaman qoruya biləcək”

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycan şərq və müsəlman ölkəsi olaraq gender bərabərliyini ən yüksək səviyyədə təmin edən ölkələrdən biridir: “Bunun üçün kifayət qədər faktlar və nümunələr mövcuddur. Azərbaycan bu istiqamətdə çox böyük uğurlara imza atıb və əsl nümunədir. Şərqdə qadına ilk hüququ Azərbaycan verdi. Bu istiqamətdə müvafiq işlər görüldü. Eyni zamanda, biz prosesə baxsaq Ulu Öndərin zamanında və bu gün cənab Prezidentin siyasətində bu istiqamətdə böyük işlərin görüldüyünün şahidiyik. Bu istiqamətdə dövlətimizin atdığı addımlar çox önəmlidir. 2026–2028-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planı da gender bərabərliyinin təmin olunmasına, əldə edilən uğurların gücləndirilməsinə də öz mühüm tövhəsini verəcək. Yəni, birmənalı olaraq biz deyə bilərik ki, Azərbaycan bu məsələdə də dünyada liderliyini hər zaman qoruya biləcək. Bu mənada burada dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşür”.

Ardıcıl siyasət bəhrəsini verir

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycanda gender bərabərliyi istiqamətində geniş və sistemli işlər görülüb. Onun sözlərinə görə, 2026–2028-ci illəri əhatə edən Milli Fəaliyyət Planı bu sahədə qəbul edilən ilk sənəd deyil: “2006-cı ildən etibarən ölkədə qadın hüquqlarının müdafiəsinə yönələn çoxsaylı qanunlar qəbul olunub, Azərbaycan BMT-nin müvafiq konvensiyalarına qoşulub və qadınlarla bağlı dövlət strategiyası ardıcıl şəkildə həyata keçirilir”.

Sosioloq vurğulayır ki, qadınlara qarşı hər cür ayrı-seçkiliyin qarşısını almaq məqsədilə hüquqi baza formalaşdırılıb və məişət zorakılığı ilə bağlı qanunvericilik 2010-cu ildə təsdiqlənib. Onun sözlərinə görə, bu gün qadınlar cəmiyyətin bütün sahələrində, o cümlədən ictimai-siyasi həyatda və dövlət idarəçiliyində kişilərlə bərabər şəkildə təmsil olunurlar.

Ü. Şəfiyev bildirir ki, səhiyyə sistemində çalışanların təxminən 80 faizi, təhsil sahəsində isə 75–80 faizi qadınlardır. Qanunverici orqanda qadınların təmsilçiliyi 20 faizdən çoxdur və məşğul əhalinin 48 faizdən artıq hissəsini qadınlar təşkil edir.

O, qeyd edir ki, 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə qadınların bəzi sahələrdə işləməsinə qoyulan məhdudiyyətlər ləğv olunub. Onun sözlərinə görə, əvvəl qadınların çalışması qadağan edilən 774 sahədən 204-də bu qadağa aradan qaldırılıb. Sosioloq bunu qadınların sağlamlığını qorumağa yönəlmiş pozitiv yanaşma kimi dəyərləndirib və yalnız sağlamlığa zərər verə biləcək sahələrdə məhdudiyyətlərin saxlanıldığını bildirir. O, həmçinin vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları və yeni texnologiyalar sahələrində qadınların fəaliyyətinə heç bir qadağa mövcud deyil.

Sosioloqun fikrincə, 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı Azərbaycanda gender bərabərliyi siyasətinin davamlı və dayanıqlı xarakter daşıdığını göstərir: “Ölkədə bu sahədə dövlət səviyyəsində ciddi problemlər yoxdur, mövcud çətinliklər daha çox cəmiyyətdə formalaşmış bəzi stereotiplərlə bağlıdır. Həmin stereotiplərin aradan qaldırılması üçün sosial maarifləndirmə tədbirləri və tədqiqat işləri aparılır, eyni zamanda qadınların qərar qəbuletmə proseslərində iştirakının artırılması vacibdir”.

Ü.Şəfiyev əlavə edir ki, Milli Fəaliyyət Planında təhsil müəssisələrində gender mövzusunun tədrisi də nəzərdə tutulur. Onun sözlərinə görə, bu addım cəmiyyətdə mövcud olan köhnə stereotiplərin tədricən aradan qaldırılmasına xidmət edəcək. Sosioloq hesab edir ki, fəaliyyət planında nəzərdə tutulan tədbirlər gender bərabərliyinin daha da güclənməsinə imkan yaradacaq və Azərbaycan bu sahədə digər ölkələr üçün nümunə ola bilər.

Sosioloq, həmçinin xatırladır ki, tarixi baxımdan Azərbaycanda qadınlar hər zaman kişilərlə bərabər çalışıb və qadına münasibət yüksək səviyyədə olub. Onun sözlərinə görə, bu gün qadınların ictimai-siyasi həyatda fəallığı artıb, təhsil və qərar qəbul etmə sistemində iştirakları genişlənir: “Azərbaycan qadın hüquqlarını tanıyan ilk müsəlman Şərq ölkələrindən biridir. Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı, sosial maarifləndirmə tədbirləri, hüquqi islahatlar və institusional mexanizmlərin təkmilləşdirilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına və gender bərabərliyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

 

Избранный
21
hafta.az

1Источники