RU

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq - AÇIQLAMA

Kirayə qiymətləri hər il vətəndaşların gündəlik həyatına birbaşa təsir edən məsələlərdən biridir. Son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan dəyişikliklər kirayə haqqının artacağı ilə bağlı suallar yaradıb. Bəs görəsən hansı ərazilərdə qiymətlər bahalaşacaq? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, istər kirayə, istərsə də daşınmaz əmlakın satış qiymətlərində bahalaşma tendensiyası hər il davam edir:

"Sadəcə bu artımın dinamikasında fərqlər müşahidə olunur. Ötən illərdə bahalaşma prosesi daha sürətli idi və hər il orta hesabla daşınmaz əmlakın bütün seqmentlərində qiymətlər 15–20 faiz artıb. Lakin 2026-cı ildə və növbəti illərdə bazarda nisbətən fərqli mənzərə formalaşacağı gözlənilir. İlk növbədə, ötən ilin sonlarında 2026-cı il üçün kirayə sektorunda vergi dəyişikliyi edilib. Belə ki, fiziki şəxslər üçün kirayə gəlirindən tutulan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Əvvəllər vergi dərəcəsinin yüksək olmasına baxmayaraq, vətəndaşların əksəriyyəti bu ödənişi etmirdi və qeyri-rəsmi kirayə münasibətləri geniş yayılmışdı",- deyə o qeyd edib.

Vüqar Oruc vurğulayıb ki, bu ildən etibarən vergi dərəcəsinin azaldılması və inzibati mexanizmlərin gücləndirilməsi hesabına kirayə münasibətlərində olan fiziki şəxslərdən verginin faktiki yığılması planlaşdırılır:

"Təbii ki, ötən il heç bir vergi ödəməyən şəxslər bu il vergi ödədikdə, kirayə qiymətlərinin artırılmasında maraqlı olacaqlar. Çünki 10 faizlik vergi öhdəliyi onların xalis gəlirlərini azaldır və bu itkini kompensasiya etmək üçün qiymət artımına gedə bilərlər".

Onun sözlərinə görə, hazırda ilin ilk dövrlərində yeni mexanizm tam işlək vəziyyətdə olmasa da, sistem tam tətbiq edildikdən sonra kirayə qiymətlərində 5–7 faiz civarında artım proqnozlaşdırılır:

"Bu artımın demək olar ki, bütün əraziləri əhatə edəcəyi gözlənilir. Xüsusilə əhali sıxlığının yüksək olduğu, infrastrukturu inkişaf etmiş, nəqliyyat baxımından əlçatan, iş mərkəzləri, ticarət obyektləri və klinikaların çox olduğu ərazilərdə qiymət artımı daha nəzərəçarpan olacaq. Mərkəzə yaxın ərazilərdə — Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında qiymət artımının digər rayonlarla müqayisədə daha yüksək olacağı ehtimal edilir. Bundan əlavə, Xətai, Nizami və Binəqədi rayonlarında da kirayə qiymətlərinin orta səviyyədə artacağı gözlənilir",- deyə iqtisadçı əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
73
missiya.az

1Источники