RU

Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüş nə vaxt keçiriləcək? – Tarix açıqlandı

Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar yaxın vaxtlarda, gələn həftə davam etdiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələ müəyyənləşməyib. Daha əvvəl TASS agentliyinə danışan mənbə və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da təxminən eyni vaxt aralığını qeyd etmişdi. Bununla yanaşı, Reuters və Axios anonim amerikalı rəsmilərə istinadən görüşün fevralın 1-də baş tuta biləcəyini yazmışdı.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqları müsbət qiymətləndirərək onların əsasən hərbi əməliyyatların dayandırılması parametrlərinə fokuslandığını bildirib. Ağ Evin nümayəndəsi isə üçtərəfli görüşün ilk raundunu “məhsuldar” adlandırıb. Reuters-in məlumatına görə, yanvarın 23-də başa çatan görüş zamanı ərazi məsələsi ilə bağlı kompromis əlamətləri müşahidə olunmayıb.

Dmitri Peskov isə danışıqlardan yüksək nəticələr gözləməyin səhv olacağını deyib və qarşıda hələ çox işin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu formatda dostyana münasibətlər mümkün olmasa da, əsas məqsəd nəyəsə nail olmaqdır. “Bu çox mürəkkəb bir prosesdir və gündəmdə çətin məsələlər var. Amma konstruktiv şəkildə təmasların başlaması müsbət qiymətləndirilə bilər. Qarşıda çox ciddi iş dayanır”, — deyə Peskov qeyd edib.

Kremlin sözçüsü danışıqların ayrı-ayrı məqamlarının ictimai şəkildə müzakirə edilməsini düzgün saymadığını da bildirib. O, Ukrayna tərəfinin ərazi güzəştlərinə getməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərək Rusiyanın mövqeyinin yaxşı məlum olduğunu vurğulayıb. Peskovun sözlərinə görə, ABŞ tərəfi ilə müəyyən anlaşmalar əldə olunub və hazırda danışıqlar ekspert səviyyəsində davam edir. Ərazi məsələsinin isə bu formulun tərkib hissəsi olaraq Rusiya üçün prinsipial əhəmiyyət daşıdığı qeyd olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
71
konkret.az

1Источники