Bakı, 26 yanvar, AZƏRTAC
Regionda baş verən hərbi-siyasi münaqişələr Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan bu dəhlizin əsas həlqələrindən biri kimi son illər nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl və sistemli işlər həyata keçirib.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfində aparılan modernləşmə işləri faktiki olaraq Gürcüstan istiqamətində yekunlaşma mərhələsinə çatıb və bu proses həm avtomobil, həm də dəmir yolu infrastrukturu üzrə icra olunub. Ekspert qeyd edib ki, dəmir yolunun Ucar–Hacıqabul hissəsində elektrik təchizatının dəyişən cərəyana keçirilməsi uğurla reallaşdırılıb.
“Bu texniki yenilik yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, daşıma xərclərinin təxminən 20 faiz azalmasına imkan yaradır. Torpaqlarımız işğaldan azad edildikdən sonra nəqliyyat marşrutlarının şaxələndirilməsi istiqamətində işlər daha da intensivləşib. Horadiz–Ağbənd dəmir yolu layihəsi yaxın gələcəkdə istifadəyə veriləcək. Ələtdən Osmanlı istiqamətinə, həmçinin Horadizə qədər uzanan dəmir yolunun əsaslı təmirinin isə 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Buna paralel olaraq Naxçıvan dəmir yolu yenidən qurulur, bəzi sahələrdə yeni xətlər çəkilir, mövcud infrastruktur isə modernləşdirilir. Bu layihələrin 2028–2030-cu illərədək başa çatdırılması hədəflənir”, - deyə R.Ağamirzəyev vurğulayıb.
Ekspertin onu da əlavə edib ki, Azərbaycan tərəfində icra olunan layihələr mövcud və proqnozlaşdırılan yük axını nəzərə alınmaqla təkmilləşdirilir. O bildirib ki, liman infrastrukturunda görülən tədbirlər nəticəsində daxili imkanlar hesabına konteyner qəbulu 100–150 min vahidədək artırılıb: “Yük axını artacağı təqdirdə bu göstəricinin daha da yüksəldilməsi mümkündür. Eyni zamanda, ehtiyac yaranarsa, limanın ikinci fazasının tikintisi sürətləndirilə bilər.
Bundan əlavə, Hövsan və Zirə limanlarının Orta Dəhlizə inteqrasiyası, xüsusilə Zirə limanının dəhlizə qoşulması olduqca vacibdir. Digər tərəfdən, neft məhsullarının daşınması üçün ixtisaslaşmış limanlarımız var. Yük həcmlərinin artması fonunda Xəzərin hər iki sahilində proseslər sinxronlaşdırılmış şəkildə həyata keçirilməlidir. Azərbaycan tərəfi bu istiqamətdə paralel işlər aparır”.
R.Ağamirzəyev vurğualyıb ki, ötən il Gürcüstan istiqamətində mühüm layihələrin tikintisi başa çatdırılıb, bəziləri isə bu il tamamlanacaq. Eyni zamanda, yeni layihələrin icrasına başlanılıb və onların sürətli şəkildə həyata keçirilməsi təmin olunacaq. Onun sözlərinə görə, Şərq–Qərb dəhlizi üzrə həm dəmir, həm də avtomobil yolları Tbilisidən Qara dəniz istiqamətində tam formalaşıb, bu da tranzit imkanlarının əhəmiyyətli dərəcədə artmasına şərait yaradır.
“Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan ərazisində bir sıra işləri tamamlanıb. Gürcüstan istiqamətində yük axınının artması sərhəd-buraxılış məntəqələrində yerləşən stansiyaların yenilənməsini zəruri edir. Azərbaycan və Gürcüstan arasında əlavə dəmir yolu xəttinin açılmasına ehtiyac var”, – deyə ekspert qeyd edib.
R.Ağamirzəyev, həmçinin bildirib ki, Ermənistan tərəfi dəmir yollarının bərpası ilə bağlı bəyanatlar versə də, real addımlar atılmır. Onun sözlərinə görə, Ermənistan həm Azərbaycan, həm də Türkiyə istiqamətində dəmir yolu infrastrukturunu bərpa etməli və regionda formalaşan yeni nəqliyyat reallıqlarına uyğun davranmalıdır.
Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Batman vilayətinə səfəri zamanı bəyan edib ki, Qars–İğdır–Aralıq–Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinin davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin bütün hissələrinin, o cümlədən Azərbaycanda və Ermənistanda yerləşən seqmentlərin açılması ilə dəhlizin buraxılış qabiliyyəti artacaq və alternativ imkanlar Çinlə Avropa arasında yükdaşımaların səmərəliliyini yüksəldəcək.