RU

Dünyanın nüfuzlu liderlərindən - aparıcı şirkətlərin rəhbərlərinəcən...

Davos görüşləri növbəti dəfə Azərbaycanın qlobal gücünü və nüfuzunu nümayiş etdirdi 

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu rekord sayda  - 400 siyasi liderin, o cümlədən 65 dövlət və hökumət başçısının, dünyanın 830-a qədər aparıcı şirkətinin rəhbərinin iştirakı ilə tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər qlobal tədbirdə keçirdiyi yüksəksəviyyəli görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında da mühüm mərhələyə çevrildi.

Bu görüşlər və müzakirələr Azərbaycanın regional və qlobal siyasətdəki mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, həm də müxtəlif strateji tərəfdaşlarla siyasi-iqtisadi münasibətlərin daha da gücləndirilməsinə xidmət edir. Görüşlərdə diqqəti çəkən əsas məqamlar, Azərbaycanın sülh gündəliyi, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıqda əldə etdiyi uğurlardır. 

Sülh gündəliyi

Dövlətimizin başçısının Davosdakı yüksəksəviyyəli görüşlərindən biri ABŞ Prezidenti Donald Trampla oldu. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi ilə bağlı əldə edilən tarixi razılaşmalarda Trampın müstəsna rolu vurğulandı. Prezident İlham Əliyev regionda sülhün mövcud olduğunu və bu müsbət nəticələrin ticarət əlaqələrinin inkişafında özünü göstərdiyini bildirdi. Bundan başqa, Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regional kommunikasiyalar baxımından əhəmiyyəti də qeyd olundu.

Yüksəksəviyyəli bu cür diplomatik təmaslar Azərbaycan-ABŞ münasibətlərinin inkişafında mühüm rol oynayır, eyni zamanda ölkəmizin sülhə verdiyi töhfələri və beynəlxalq aləmdəki rolunu əks etdirir. Bu təşəbbüslər həm də Azərbaycanın beynəlxalq təsirini genişləndirir, ölkəmizi dünya səhnəsində sülhün təşviqində önəmli oyunçuya çevirir. ABŞ-də əldə edilən razılaşmanın, regiondakı münaqişələrin həlli və uzunmüddətli sülhün təminatı baxımından Azərbaycan üçün nə qədər mühüm diplomatik zəfər olduğunu bir daha təsdiqləyir. 

Azərbaycan Prezidentinin Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Marta Kosla görüşü də bir sıra vacib məqamlarla yadda qaldı. Burada Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Marta Kos Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa işlərinin onda yaratdığı dərin təəssüratları bölüşdü. Görüşdə, həmçinin enerji, regional nəqliyyat əlaqələri və humanitar minatəmizləmə məsələlərinə diqqət yönəldi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Avropa İttifaqı ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük perspektivlər olduğu vurğulandı.

Azərbaycanın enerji təchizatında oynadığı mühüm rol Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacını qarşılamağa yönəlib. Bu əməkdaşlıq təkcə enerji sahəsində deyil, həm də iqtisadi əlaqələrdə ölkəmizin önəmli strateji tərəfdaşı olaraq Avropa İttifaqı ilə münasibətlərin inkişafını təmin edir. Bu baxımdan, Azərbaycanın enerji sahəsindəki təşəbbüsləri, Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, həmçinin dövlətimizin qlobal enerji bazarında daha yüksək mövqe tutmasına səbəb olur.

Qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq

Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərdə diqqətçəkən daha bir istiqamət regional əməkdaşlığın gücləndirilməsi məsələsi idi. Finlandiya, İsrail, Çex Respublikası, Qətər, İraq Kürdüstanı liderləri ilə görüşlər bu baxımdan xüsusi önəm daşıyır. 

Finlandiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələr, regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, "Nordic-Baltic Eight" qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlıq perspektivlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edildi. Bu görüş Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətləri dərinləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq diplomatiyasının və regional əməkdaşlığının inkişafında da yeni imkanlar açır. Azərbaycan-Finlandiya əməkdaşlığının daha da irəliləməsinə, xüsusilə texnologiya və innovasiya sahələrindəki mövcud potensialın gerçəkləşdirilməsinə şərait yaradır, "Nordic-Baltic Eight" qrupunda Azərbaycan üçün yeni diplomatik və iqtisadi fürsətlər formalaşdıraraq ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirir.

Azərbaycanla İsrail arasında da iqtisadi, ticari və enerji sahələrində əməkdaşlıq davamlı inkişaf etməkdədir. Münasibətlər təkcə iqtisadi deyil, texnologiya, innovasiya və təhlükəsizlik sahələrində də genişlənir. Azərbaycanın İsraillə əlaqələri, xüsusilə enerji sektoru üzrə iki ölkə arasında yüksək texnologiyaların mübadiləsi və qarşılıqlı strateji maraqların təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və İsrail prezidentlərinin Davos görüşündə dövlət rəhbərləri bu əməkdaşlığın gələcəyini müzakirə edərkən, yeni layihələr və investisiya imkanlarını da nəzərdən keçirdilər. 

Azərbaycan Prezidentinin Çex Respublikasının Baş naziri ilə görüşündə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulandı. Bu əməkdaşlığın inkişafı, iqtisadi sfera ilə yanaşı, mədəni və humanitar əlaqələrdə də yeni səhifə açmağa imkan yaradacaq. Çex Respublikası ilə əlaqələrin xüsusilə maşınqayırma və infrastruktur sahələrində daha da genişlənməsi gözlənilir. Bu baxımdan, Çex Respublikası Azərbaycanın iqtisadi inkişafına dəstək verən tərəfdaş olaraq, yeni layihələrdə iştirakda maraqlıdır. Görüş zamanı qarşılıqlı səfər dəvətləri edildi ki, bu da ölkələr arasında gələcəkdə daha da dərinləşən strateji tərəfdaşlığın göstəricisidir. Qarşılıqlı səfərlər, ölkələr arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoymasına kömək göstərəcək. 

Qətər dövlətinin Baş naziri və xarici işlər naziri ilə keçirilən görüş də mühüm əhəmiyyət daşıyır. Görüşdə Azərbaycanla Qətər arasında iqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olundu. Azərbaycan qazının Suriyaya çatdırılması məsələsinin müzakirəsi görüşün xüsusilə diqqətçəkən detallarından idi. Bu əməkdaşlıq Azərbaycan və Qətər arasında iqtisadi sahədə daha geniş əməkdaşlığın təmin edilməsi üçün də vacibdir. Azərbaycan bu əməkdaşlıqla Qətərin enerji təhlükəsizliyinə olan töhfəsini daha da gücləndirəcək. Azərbaycanın regionda enerji təhlükəsizliyinə verdiyi töhfələr, Qətər üçün həm iqtisadi, həm də strateji baxımdan vacibdir. Bu əməkdaşlıq, beynəlxalq səviyyədə Azərbaycanın gücünü, təsir imkanlarını xeyli artırır. 

İraq Kürdüstanı ilə münasibətlər də bu çərçivədə maraq cəlb edir. Məsrur Bərzani ilə görüşdə iqtisadi və mədəni əlaqələrin inkişafı müzakirə olundu, bu əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın mövcudluğu vurğulandı. 

"Sülh Şurası"nın təsisçi üzvü

Dünya İqtisadi Forumu Azərbaycanın qlobal proseslərdəki aparıcı rolunu yalnız dövlətimizin başçısının ikitərəfli görüşlərində, aparılan müzakirələrin məzmununda deyil, qlobal sülh təşəbbüslərində də önə çıxardı. Prezident İlham Əliyev Davosda "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanmasında iştirak edib. "Sülh Şurası"nın təsisçi üzvü olaraq Azərbaycanın bu qurumda iştirakı həm yeni yaradılmış qurum, həm də ölkəmiz üçün böyük nailiyyətdir. "Sülh Şurası" Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və dünya miqyasında münaqişələrin həlli sahəsində mühüm bir platformadır. Azərbaycan bu təşəbbüsə verdiyi dəstəklə, qlobal sülhün təşviqindəki mövqeyini bir daha təsdiq etmiş oldu.

Prezident İlham Əliyevin Davosda keçirilən görüşləri, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi və ölkənin qlobal müstəvidə daha güclü diplomatik təsir əldə etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin sülhə verdiyi töhfə, enerji təhlükəsizliyi sahəsindəki fəallığı və regional əməkdaşlıqda göstərdiyi liderlik, ölkəmizin dünyada daha da güclənən mövqeyini nümayiş etdirir. Bu görüşlər yalnız ikitərəfli əlaqələrin deyil, həm də beynəlxalq sabitlik və sülhün təmin olunmasında Azərbaycanın rolunun önəmini göstərir.

Dövlətimizin başçısı Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində bir çox qlobal şirkətlərin, qurumların rəhbərləri ilə də görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini gücləndirmək, ölkəmizə xarici investisiyalar cəlb etmək, qlobal bazarlardakı mövqeyimizi möhkəmləndirmək məqsədi daşıyır.  Davosda keçirilən görüşlər Azərbaycanın müxtəlif sahələrdə inkişafını sürətləndirəcək və yeni əməkdaşlıq imkanları yaradacaq.

Qlobal şirkətlərin Azərbaycana artan marağı 

Belə şirkətlərdən biri "J.P.Morgan"dır. Şirkətin rəhbəri ilə görüşdə Azərbaycanla SOCAR arasında uzunmüddətli əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edildi. Qeyd olundu ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki strateji rolunu daha da möhkəmləndirir. Bu istiqamətdə SOCAR-ın fəaliyyətinin maliyyələşdirilməsi və yeni layihələrin həyata keçirilməsi, Azərbaycan qazının Avropaya tədarükü, xüsusilə də Avropa İttifaqının bir sıra üzv ölkələrinə qaz təchizatının artırılması mövzusunda aparılan danışıqlar, ölkəmizin qlobal enerji bazarlarında mövqeyini təbii ki, daha da gücləndirəcək.

Prezident İlham Əliyev həmçinin "Dell Technologies" şirkətinin rəhbəri ilə də görüşərək Azərbaycanın texnoloji infrastrukturunun inkişafı ilə bağlı müzakirələr apardı. Bu görüşdə ölkəmizdə superkompüter mərkəzinin yaradılması, süni intellekt və qərar qəbuletmə sahələrində bu mərkəzdən istifadə imkanları müzakirə olundu. "Dell Technologies"in Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, ölkəmizin texnoloji sahədə irəliləyişini sürətləndirəcək, beynəlxalq investorların diqqətini Azərbaycana yönəldəcək.

Dövlətimizin başçısı "Brookfield Asset Management" və "Vestas Wind Systems" şirkətlərinin rəhbər şəxsləri ilə görüşləri isə ölkəmizdə bərpaolunan enerji potensialından istifadə və rəqəmsal infrastrukturun inkişafı baxımından maraqlı idi.

Azərbaycanın enerji keçidi və bərpaolunan enerji sahəsindəki strateji məqsədləri aydındır. "Brookfield Asset Management" şirkətinin rəhbəri ilə keçirilən görüşdə ARDNF ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparıldı. Burada həm də bərpaolunan enerji və rəqəmsal infrastruktur sahələrində Azərbaycana yatırımların artırılması ilə bağlı müzakirələrə də geniş yer ayrıldı. Bu əməkdaşlıq ölkəmizin təmiz enerji sahəsində dünya səviyyəsində mövqeyini daha da möhkəmləndirəcək. Görüş çərçivəsində həm də ARDNF ilə "Brookfield Asset Management" arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu da imzalandı. Həmçinin "Vestas Wind Systems" şirkəti rəhbərliyi ilə külək enerjisi sahəsindəki əməkdaşlığın genişləndirilməsi müzakirə edildi ki, bu da Azərbaycanın enerji istehsalını şaxələndirmək və bərpaolunan enerji sahəsində qlobal liderlərdən birinə çevrilmək məqsədini əks etdirir.

Azərbaycan Asiya və Avropanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu səbəbdən ölkəmiz müasir dünyanın son dərəcə əhəmiyyətli nəqliyyat-kommunikasiya qovşaqlarından sayılır. Bu baxımdan, dövlətimizin başçısının Davosda ən böyük liman operatorlarından biri olan "DP World" şirkətinin rəhbəri ilə görüşü də mühüm əhəmiyyət daşıyırdı. Görüş zamanı "DP World" şirkəti ilə Azərbaycanda mövcud olan, gələcəkdə də inkişaf etdirilməsi planlaşdırılan nəqliyyat infrastruktur layihələrinin müzakirəsi aparıldı. Bu əməkdaşlıq, ölkəmizin beynəlxalq nəqliyyat şəbəkəsindəki mövqeyini gücləndirəcək və Azərbaycana yeni iqtisadi imkanlar yaradacaq.

Etibarlı tərəfdaş

Azərbaycan Prezidentinin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü də AYİB-lə birgə layihələrin uğurla davam etməsi, həmçinin ölkəmizdə bank sektoru, sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərin müzakirəsi baxımından faydalı oldu. 

Həmçinin aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən olan "BlackRock"un və bu şirkətin tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP), Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin rəhbərləri, eləcə də "Carlsberg Group" şirkətinin baş icraçı direktoru ilə görüşlər Azərbaycanın güclü maliyyə intizamına, əlverişli investisiya mühitinə malik etibarlı tərəfdaş kimi mövqeyinin daha da gücləndirilməsinə, yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsinə xidmət etdi. Bu görüşlərdə aparılan müzakirələr, nəzərdən keçirilən yeni layihələr Azərbaycanın qlobal bazarlarda mövqelərini gücləndirəcək, ölkəmizə daha çox xarici investor cəlb etməyə imkan yaradacaq.

Dünya İqtisadi Forumu Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın inkişafı baxımından da faydalı məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus ilə apardığı müzakirələrdə Azərbaycanın beynəlxalq səhiyyə sahəsindəki rolu və humanitar yardımları ön plana çıxdı. Xüsusən COVID-19 pandemiyası dövründə Azərbaycanın göstərdiyi könüllü maliyyə yardımları və inkişaf etməkdə olan ölkələrə dəstək göstərməsi diqqətə çatdırıldı. ÜST-lə genişlənən əməkdaşlıq, Azərbaycanı beynəlxalq səviyyədə humanitar sahədə önəmli ölkəyə çevirir.

Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələrindəki inkişafını sürətləndirəcək və xarici investisiyaları cəlb edəcək mühüm əməkdaşlıqların təməlini qoydu. Bütün bunlar təkcə regional deyil, qlobal miqyasda da Azərbaycanın gücünü artırır, ölkəmizin enerji müstəqilliyini, iqtisadiyyatı şaxələndirmə imkanlarını yüksəldir, dolayısı ilə sosial rifahın yüksəlişi üçün yeni üfüqlər açır.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Избранный
49
azerbaijan-news.az

1Источники