RU

Uşaq onkologiyası üzrə dərman təminatına 2027-ci ildən başlanması planlaşdırılır

Onkoloji xəstəliklərlə bağlı əsas prioritetlərdən biri ambulator dərman təminatı və dərman qiymətlərinin tənzimlənməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, onkoloji xəstəliklər üzrə dərman təminatı ilə bağlı işlərə artıq başlanılıb və proses mərhələli şəkildə həyata keçiriləcək. O bildirib ki, bu il ərzində ilkin addımlar atılacaq və növbəti illərdə məsələ daha geniş şəkildə əhatə olunacaq.

Qeyd olunub ki, ötən ilin sonunda Səhiyyə Nazirliyi, müvafiq dövlət qurumları və aidiyyəti sahələr üzrə mütəxəssislərin iştirakı ilə işçi qrupu yaradılıb. Həmin işçi qrupunun əsas məqsədi 2026-cı ili uşaq onkologiyası üzrə hazırlıq ili kimi müəyyənləşdirmək və bu sahədə dərman təminatı mexanizmlərini formalaşdırmaqdır.

Bildirilib ki, proses çərçivəsində struktur xidmətlərdə qiymətlərin müəyyənləşdirilməsi, müalicə protokollarının hazırlanması, diaqnostikadan tam müalicəyədək mərhələlərin dəqiqləşdirilməsi, eləcə də uşaq anlayışının yaş həddinin müəyyən olunması üzərində iş aparılır. Bununla yanaşı, hansı protokollardan istifadə ediləcəyi, həkimlərin təlimi və qiymətlərin necə tətbiq olunacağı da Səhiyyə Nazirliyi tərəfindən tənzimlənəcək.

Zaur Əliyev vurğulayıb ki, bu genişmiqyaslı hazırlıq işlərinin 2026-cı il ərzində tamamlanması, 2027-ci ildən etibarən isə uşaq onkologiyası üzrə mexanizmin tətbiqinə başlanılması planlaşdırılır. Növbəti mərhələdə böyüklərin onkoloji xəstəliklərinin də bu sistemə daxil edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, məqsəd yaxın illər ərzində onkoloji xəstəliklərlə bağlı dərman və müalicə məsələlərinin kompleks şəkildə həll edilməsidir və hazırda bu istiqamətdə işçi qrupunun fəaliyyəti davam edir.

Zeynəb Rzayeva

Избранный
61
1
bakivaxti.az

2Источники