Faktorinq, lizinq və lombard xidmətləri göstərən "Fеrrum Kapital" QSC istiqraz buraxılışı yolu ilə 5 milyon manat borclanmağa hazırlaşır.
Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd təmin edilməmiş istiqraz buraxıb.
İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 14%-dir və faiz ödənişləri 3 aydan bir həyata keçiriləcəkdir.
İstiqrazlar kütləvi təklif üsulu ilə birqiymətli hərrac vasitəsilə Bakı Fond Birjasının (BFB) ticarət platformasında birja üzvü tərəfindən sifarişlərin birjanın sisteminə daxil edilməsi yolu ilə alqı-satqı əqdləri bağlanılmaqla ilkin yerləşdiriləcəkdir.
Anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. "Unicapital" emissiya üzrə qiymətli kağızların 4 milyon manat həcmində hissəsini öhdəlik götürməklə, 1 milyon manat həcmində hissəsini isə öhdəlik götürmədən yerləşdirəcəkdir.
"Fеrrum Kapital" QSC-nin nizamnamə kapitalının 68%-i Demirçi Qafar Aydın oğluna, 23%-i Həbib Zadəh Məhəmməd Rezaya, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə və 4,5%-i “Vesta Investment” QSC-yə məxsusdur.