RU

Xəstəxanada başına pişik düşən pasiyent 50 min təzminat aldı

İstanbulda özəl xəstəxanada baş verən hadisə məhkəmə qərarı ilə nəticələnib. Venadaxili müalicə alan B.B.-nin üzərinə tavandan metal örtük və içində pişik düşüb.

E-saglam.az-ın məlumatına görə, hadisə zamanı xəstənin sol ön baş nahiyəsində iki kiçik sıyrıq yaranıb və ona tetanoz peyvəndi vurulub. Hadisə xəstəxana həkimləri tərəfindən rəsmi şəkildə sənədləşdirilib.

Pişiklə təmas və cızıqlanma ehtimalına görə quduzluq riski nəzərə alınıb və B.B. Haydarpaşa Nümunə Xəstəxanasına göndərilib. Burada ona quduzluq peyvəndi və antikor müalicəsi tətbiq olunub. Bundan sonra xəstə xəstəxanaya qarşı hüquqi proses başlatmaq qərarı verib.

B.B. vəkilləri vasitəsilə qüsurlu xidmət göstərildiyi əsaslandırması ilə 250 min türk lirəsi məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib. İstanbul Anadolu 7-ci İstehlakçı Məhkəməsi tərəfləri barışığa çağırsa da, razılıq əldə olunmayıb. Məhkəmə iddianı qismən təmin edərək, xəstəxananın B.B.-yə 50 min türk lirəsi (1,959.12 AZN) mənəvi təzminat ödəməsinə qərar verib.

Vəkil İslam Gezer bildirib ki, bu hadisə sadəcə bir qəza deyil, səhiyyə müəssisəsində təhlükəsizlik və gigiyena qaydalarının pozulmasıdır. Onun sözlərinə görə, xəstəxana mühiti hər zaman təhlükəsiz və risklərdən uzaq olmalıdır və baş verənlər təkcə fiziki zərər deyil, həm də səhiyyə xidmətlərinə olan etibarın zədələnməsi deməkdir.

Vəkil Elif Büşra Berber isə Xəstə Hüquqları Qaydalarına diqqət çəkərək vurğulayıb ki, səhiyyə müəssisələrində gigiyenik şəraitin təmin edilməsi və xəstələr üçün risk yaradan bütün amillərin aradan qaldırılması hüquqi öhdəlikdir. Bu qərar xəstə təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
24
e-saglam.az

1Источники