Avstriya 14 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan etməyi planlaşdırır
Avstriya 14 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab yaratmasını qadağan etməyi planlaşdırır. Avstriyanın Rəqəmsallaşdırma üzrə Dövlət Katibi Aleksandr Pröll mövzu ilə bağlı ORF ictimai yayımçısına açıqlamalar verib.
Pröll sosial media ilə bağlı Avstraliyanın nümunə götürülə biləcəyini və 14 yaşdan kiçiklər üçün sosial media istifadəsini qadağan etməyi planlaşdırdıqlarını , ilk addım olaraq mütəxəssislərin və müvafiq tərəflərin qaydanın təfərrüatlarını öyrənmək üçün bir araya gələcəyini bildirib və qadağanın növbəti tədris ilində başlaya biləcəyini qeyd edib.
Koalisiya hökumətinin tərəfdaşı olan liberal Yeni Avstriya Partiyası (NEOS) bu plana qarşı çıxır.
NEOS sözçüsü Henrike Brandstötter mətbuat açıqlamasında Avstraliya modelini qəti şəkildə rədd etdiklərini bildirib.
Brandstötter deyib: "ABŞ-da texnologiya oliqarxlarının məlumat topladığı və siyasətçilərin bu məlumatları vətəndaşlara qarşı silah kimi istifadə etdiyi zaman nə baş verdiyini görürük."
Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial media platformalarına girişini qadağan edən hüquqi qayda 10 dekabr 2025-ci ildə qüvvəyə minib.
Qaydaya əsasən, X, Instagram, Facebook, TikTok, YouTube, Snapchat, eləcə də Reddit, Twitch, Threads və Kick daxil olmaqla 10 platforma yaş məhdudiyyətlərinə məruz qalır.
Avstraliya hökuməti qanunvericilik vasitəsilə alqoritmlərin və zərərli məzmunun gənclərə mənfi təsirini azaltmağı hədəfləyir.
16 yaşdan kiçik uşaqlara məxsus hesabları silmək üçün ağlabatan addımlar atmayan şirkətlər 49,5 milyon Avstraliya dolları (təxminən 32,9 milyon ABŞ dolları) məbləğində cərimə ilə üzləşirlər.