RU

Macarıstan XİN rəhbəri: Ukrayna Avropa İttifaqına üzv olmayacaq

BAKI, 28 yanvar. TELEQRAF

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə razılaşaraq bildirib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmasına imkan verməyəcək.

Teleqraf xəbər verir ki, nazir Sibiqanın Ukrayna mediasına verdiyi müsahibəni şərh edərkən qeyd edib ki, ukraynalı nazirin Macarıstana qarşı mövqeyi yeni deyil. Bununla yanaşı, Siyartonun sözlərinə görə, müsahibədə səslənən “Ukraynanın Avropa İttifaqına üzvlüyü yolunda yeganə maneə Macarıstandır” fikri tam həqiqəti əks etdirir.

Siyarto sosial şəbəkə hesabında yazıb ki, Macarıstanda hazırkı hökumət, baş nazir Viktor Orban rəhbərliyi altında hakimiyyətdə qaldığı müddətdə Ukrayna Avropa İttifaqının üzvü olmayacaq. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə qəbul edilməsi Avropa İttifaqına müharibə risklərini gətirə bilər.

Nazir vurğulayıb ki, Ukraynanın tələsik şəkildə Avropa İttifaqına üzv qəbul olunması Avropa vergi ödəyicilərinin hesabına bu ölkənin maliyyələşdirilməsi və Aİ iqtisadiyyatının zərər görməsi ilə nəticələnərdi. O əlavə edib ki, bu halda Avropa fermerləri ziyana düşər, regionda kriminal risklər artar.

Siyarto həmçinin bildirib ki, məhz bu səbəbdən Ukrayna Macarıstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır və müxalif “Tisa” partiyasının qələbəsində maraqlıdır. Onun sözlərinə görə, 12 aprel tarixində keçiriləcək seçkilərdə əsas sual “Sülh, yoxsa müharibə? Macarıstan, yoxsa Ukrayna?” olacaq.

Qeyd edək ki, bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanın Budapeştdəki səfirini ölkənin daxili siyasi proseslərinə müdaxilə ilə bağlı etiraz notası vermək üçün XİN-ə çağırıb.

Избранный
90
teleqraf.com

1Источники