RU

Azərbaycan sülh siyasəti ilə beynəlxalq müstəvidə fərqlənən dövlətlərdəndir

Birgəyaşayış, tolerantlıq, sülh, milli və dini mənsubiyyətindən asılı olmayaraq, insanlığa sevgi Prezident İlham Əliyevin siyasi kursunun əsas tərkib hissəsidir. Müasir dünyada mədəni parçalanmaların, etnik gərginliklərin və geosiyasi bərabərsizliklərin kəskinləşdiyi bir zamanda Azərbaycan barış siyasəti ilə regionda və beynəlxalq müstəvidə fərqlənən nadir dövlətlərdən birinə çevrilib. Bunun nəticəsi kimi ölkəmizin rəhbəri siyasi lider, eləcə də dəyərlər sistemi formalaşdıran təsirli dövlət xadimi kimi qəbul olunur.

Milli Məclisin deputatı Rəşad Mahmudov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan liderinin regionda və qlobal müstəvidə münaqişələrin həllində ədalətə söykənən fəaliyyəti dünya liderləri üçün nümunədir: "Diplomatiyamızın əsasında dayanan prinsipiallıq, bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sədaqət münaqişələrin güc və revanşizm ilə deyil, məhz hüquq, məntiqlilik və dialoq yolu ilə həllinə şərait yaradır. Təsadüfi deyil ki, mədəni müxtəlifliyin məbədgahı olan Azərbaycan həm də qlobal münaqişələrin həlli üçün etibarlı dialoq məkanına çevrilib". 

Deputat qeyd edib ki, uzun illər əraziləri işğal altında qalan və beynəlxalq ədalətsizliklə üzləşən Azərbaycan dünyaya ədalətin necə təmin olunmasının nümunəsini göstərib. 44 günlük Vətən müharibəsi ədalətin bərpası və beynəlxalq hüququn real tətbiqi prosesinin mümkünlüyünü sübut etdi. 

R.Mahmudov vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin  nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün təsis edilmiş "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qalibləri sırasında Azərbaycan Prezidentinin adının yer alması təsadüfi deyil: "Şübhəsiz ki, bu yüksək mükafatın ideoloji mahiyyəti insan qardaşlığı, dinlərarası harmoniya, etnik, mədəni inklüzivlik və qlobal sülh çağırışıdır. Bu baxımdan Azərbaycan və onun lideri bu dəyərlərin praktik daşıyıcısına çevrilib. Xüsusilə qeyd olunmalıdır ki, mükafat Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasına verdiyi töhfəyə görə təqdim edilib. Bu yüksək mükafat Prezident İlham Əliyevin haqq etdiyi dəyərdir, çünki sülhün təmin edilməsi təkcə hərbi gücün və ya diplomatik mexanizmlərin uğuru deyil, bütövlükdə siyasi iradənin, strateji ardıcıllığın və ən əsası tarixi məsuliyyətin nəticəsidir. Azərbaycan bu məsuliyyətin daşıyıcısı olmaqla, regionun gələcəyinə töhfələrini verir. Bütövlükdə regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsində Prezident İlham Əliyevin danılmaz xidmətləri var. Dövlətimizin başçısının prinsipial və ədalətli siyasəti sülhün davamlılığına xidmət edir". 

Bu gün artıq Qafqazın siyasi xəritəsinin dəyişdiyini deyən deputat əlavə edib ki, bir vaxtlar qan içində olan bölgə əmin-amanlıq, sabitlik və iqtisadi yüksəliş məkanına çevrilir. Azərbaycanın təşəbbüsləri sayəsində yeni nəqliyyat xətləri açılır, enerji əməkdaşlığı genişlənir, ticarət əlaqələri canlanır və regionun gələcəyi əməkdaşlıq üzərində qurulur. Birmənalı şəkildə bu uğurların memarı Prezident İlham Əliyevdir. "Məhz bu gün arzulanan mövcud vəziyyət dövlət başçımızın qətiyyəti və humanizm prinsipinə söykənən siyasətinin nəticəsidir. Onun uzaqgörən və balanslı idarəetmə strategiyası regionun inkişafına mühüm töhfə verməklə yanaşı, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsini təmin edib. Ölkəmizin məqsədyönlü siyasəti nəticəsində bölgə qarşıdurma mühitindən çıxaraq, dayanıqlı inkişaf modeli ilə nümunəvi məkana çevrilir. Prezident İlham Əliyev barışın ən böyük təminatçısıdır. Dünya artıq bu həqiqəti etiraf edir və onun sülhə əsaslanan siyasətini regionda sabitliyin və təhlükəsizliyin əsas dayağı kimi qəbul edir. Serbiya Prezidentinin də ifadə etdiyi kimi, İlham Əliyev böyük və dahi liderlərdən biridir", - deyə Rəşad Mahmudov bildirib.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevə - sülh liderinə təqdim olunan bu ali mükafat hər birimizdə qürur hissi doğurmaqla yanaşı, Azərbaycanın dünyada sülhü təşviq edən dövlət kimi artan nüfuzunun bariz göstəricisi kimi tarixə həkk olundu. Bu həm də ölkəmizin gələcək sülh gündəminin beynəlxalq səviyyədə dəstəkləndiyinin sübutudur. 

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
19
azerbaijan-news.az

1Источники