RU

Xırdalan və Mehdiabad sakinlərinə şad xəbər - RƏSMİ AÇIQLAMA

Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb: "Artıq Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb".

Bundan başqa Anar Rzayev Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması məqsədilə yeni tunel layihəsinin icrasına başlanılması planlaşdırıldığını da qeyd edib.

Onun sözlərinə görə, M-4 avtomobil yolu – Xırdalan (mərkəz) tuneli 2026-cı ildə tikintisinə başlanması mümkün olan prioritet layihələr sırasındadır.

A.Rzayev bildirib ki, layihənin həyata keçirilməsi Xırdalan və ətraf ərazilərdə avtomobil axınının daha səmərəli təşkili, tıxacların azalması və paytaxta giriş-çıxışın sürətlənməsinə xidmət edəcək.

Sədr həmçinin bildirib ki, 2026-cı ildə bir neçə yeni yol layihəsinin tikintisinə başlanması planlaşdırılır: "Bunlara M. Xiyabani – Dairəvi-1 yolu, Xırdalan dairəsi və Ə. Salamzadə – Z. Bünyadov istiqaməti daxildir".

Onun sözlərinə görə, həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılmasına və hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edəcək.

Избранный
41
1
olke.az

2Источники