Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son dövrlər ali təhsil müəssisələrində oxuyan, lakin akademik borcu olan tələbələrin hərbi xidmətdən möhlət hüququ ala biləcəyi ilə bağlı suallar artmaqdadır. Xüsusilə, təhsil müddətini başa vursa da kəsirlərə görə universitetdə qalmaq məcburiyyətində olan gənclər bu halda hərbi xidmətə çağırılıb-çağırılmayacaqları ilə maraqlanırlar. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə tez-tez gündəmə gələn bu məsələ bir çox tələbə və valideyn üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Bəs, mövcud qanunvericilik akademik borcu olan şəxslərə əlavə möhlət hüququ verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericiliyə əsasən əyani təhsil formasında bakalavriat, magistratura, rezidentura və doktorantura pillələrində təhsil alan şəxslərə təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət verilir.
Onun sözlərinə görə, təhsil müddəti başa çatdıqdan sonra yığılan akademik borclara, yəni kəsirlərə görə əlavə möhlət hüququ nəzərdə tutulmayıb:
“Akademik borcu olan şəxs artıq təhsil alan hesab edilmir. Çünki onun üçün müəyyən edilmiş təhsil müddəti bitib. Buna görə də kəsri olan tələbələrin hərbi xidmətdən möhlət hüququ yoxdur”.

Hüquqşünas vurğulayıb ki, möhlət yalnız qanunvericilikdə göstərilən təhsil müddəti ərzində qüvvədə olur və bu müddət başa çatdıqdan sonra hərbi xidmətə çağırış həyata keçirilə bilər.
Aynurə İsmayıl
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.