RU

Buraxılış imtahanlarında yazı bacarığı: müəllimlər yeni modelə hazırdırmı?

Dünən DİM tərəfindən açıqlandı ki, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsil alanların buraxılış imtahanında yazı bacarığının yoxlanılması verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində, bir abzasdan ibarət yazı yazılmasını tələb edən model üzrə qiymətləndiriləcək. 

Bəs, müəllimlər bu yeniliyə hazırdırmı?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi ingilis dili müəllimi Günay Əkbərova danışıb. 

O, qeyd edib ki,imtahan modeli dəyişirsə, dərs yanaşması da dəyişməlidir:

"Son günlər Dövlət İmtahan Mərkəzinin xarici dillər üzrə buraxılış imtahanları ilə bağlı təqdim etdiyi yeni model ətrafında ciddi müzakirələr gedir. Açıq demək lazımdır ki, bu yenilik gözlənilməz deyil. Dünya təcrübəsinə baxdıqda uzun illərdir xarici dillərin yalnız test vasitəsilə deyil, real bacarıqlar üzərindən qiymətləndirildiyini görürük. Azərbaycan da tədricən bu istiqamətə doğru addımlayır.

Yeni imtahan modelində dinləmə, oxu və yazı bacarıqlarının ayrıca ölçülməsi, xüsusilə yazı tapşırığında şagirdlərdən ən az 100 sözlük strukturlaşdırılmış fikir yazısının tələb olunması, xarici dilin “imtahan predmeti” olmaqdan çıxıb real ünsiyyət alətinə çevrilməsi baxımından mühüm dəyişiklikdir. Bu yanaşma beynəlxalq dil imtahanlarının - IELTS, TOEFL, Cambridge assessment modellərinin əsas fəlsəfəsi ilə üst-üstə düşür. Orada da əsas sual “şagird qaydanı bilir?” yox, “şagird fikrini ifadə edə bilir?” olur.

Amma burada bir məsələni açıq deməliyik: imtahan modeli dəyişirsə, dərs yanaşması da dəyişməlidir. Əks halda, müəllim eyni üsulla dərs keçib fərqli nəticə gözləyəcəksə, bu, nə şagirdə, nə də müəllimə fayda verəcək".

Şagird danışmağı bacarmırsa, yazmaq da çətin olacaq:

"Yazı tapşırığı artıq əzbərlənmiş cümlələrdən ibarət deyil. Şagird mövzuya münasibət bildirməli, arqument irəli sürməli, qarşı tərəfin mövqeyini nəzərə almalı və nəticə çıxarmalıdır. Bu isə düşünmə bacarığı tələb edir.
Müəllimlər üçün əsas sual indi “bu imtahana necə hazırlaşdıraq?” olmalıdır. İlk növbədə yazı dərsdə ayrıca və sistemli şəkildə öyrədilməlidir. Şagirdlərə yalnız mövzu vermək kifayət deyil. Onlara fikir planlamağı, mövzunu giriş–inkişaf–nəticə ardıcıllığında qurmağı, səbəb və nümunə göstərməyi addım-addım öyrətmək lazımdır. Dünya təcrübəsində writing dərsləri məhz bu cür aparılır: əvvəl fikir formalaşır, sonra dil gəlir.

İkinci vacib məsələ sinifdə şifahi müzakirələrin artırılmasıdır. Şagird danışmağı bacarmırsa, yazmaq da çətin olacaq. Dərsdə sadə “agree / disagree” tipli müzakirələr, cütlərlə fikir mübadiləsi, qısa şifahi arqumentlər yazıya keçidi xeyli asanlaşdırır. Yazı imtahanda təkbaşına yaranmır, o, sinifdəki ünsiyyətin nəticəsidir.

Üçüncü olaraq, müəllimlər qiymətləndirməyə yanaşmanı da dəyişməlidir. Yazını yalnız qrammatik səhvlər üzərindən yoxlamaq artıq kifayət etmir. Fikirin aydınlığı, məntiqi ardıcıllıq, mövzuya uyğunluq və əlaqələndirici sözlərin istifadəsi əsas meyarlara çevrilir. Bu da müəllimdən daha çox müşahidə və refleksiya tələb edir".

Bu dəyişikliklər müəllim üçün əlavə yük kimi görünə bilər:

"Amma uzunmüddətli perspektivdə bu yanaşma həm şagirdin real dil bacarığını inkişaf etdirir, həm də müəllimin dərsini daha mənalı edir. Xarici dil yalnız testdən keçmək üçün deyil, fikrini ifadə etmək üçün öyrədildikdə, dərsin dəyəri artır.

Yeni imtahan modeli bizə bir mesaj verir: artıq şagirdi əzbərə yox, düşünməyə hazırlamalıyıq. Bu proses bir gündə baş verməyəcək, amma mərhələli tətbiq, pilot imtahanlar və dərsliklərin uyğunlaşdırılması düzgün istiqamətdə atılmış addımlardır. Əsas məsələ müəllimin bu dəyişikliyi qorxu ilə yox, inkişaf imkanı kimi görməsidir.

Bu yenilikləri düzgün oxusaq, başa düşərik ki, məqsəd şagirdi çətin vəziyyətə salmaq yox, onu real həyatda dili istifadə edə bilən fərd kimi formalaşdırmaqdır. Və bu yolda müəllimin rolu həlledicidir".

Избранный
23
1
azedu.az

2Источники