RU

Dünyada ardıcıl qadağalar: TikTok, İnstagram... Növbə Azərbaycana çatdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ-da bu həftə “Instagram”, “TikTok” və “YouTube” sosial media platformaları uşaqlarda bilərəkdən asılılıq yaratmaq, psixoloji zərər vermək ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. “KGM” baş hərfləri ilə tanınan 19 yaşlı gənc iddia edir ki, erkən yaşlarda sosial mediadan istifadəsi onun depressiyasını dərinləşdirib və intihara meylinə səbəb olub. Bu proses fonunda Avropada da sosial şəbəkələrlə bağlı sərt addımlar atılır. Belə ki, Fransa parlamenti 15 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Avstriya isə 14 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasına qadağa tətbiq etməyi planlaşdırır.

Azərbaycanda da belə qanun qəbul edilə bilərmi? Sosial media nə üçün alışqanlıq yaradır? Depressiya və intihar halları ilə bağlılığı varmı?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu təcrübə ölkəmizdə də tətbiq edilməlidir:

Fazil Mustafa

“Lakin əsas məsələ məhdudiyyətlərin tətbiqindən daha çox, effektiv nəzarət mexanizminin düzgün qurulmasıdır. Təkcə qanun qəbul etmək kifayət etmir. Məsələn, tütün əleyhinə qanunlar qəbul olunsa da, nəzarət mexanizmi lazımi səviyyədə təmin edilmədi. Ona görə də bu məsələdə daha ciddi yanaşma sərgilənməli, əvvəlcə nəzarət mexanizminin necə qurulacağı dəqiqləşdirilməli, yalnız bundan sonra tətbiq mərhələsinə keçilməlidir. Çünki bu, həqiqətən də böyük fəsadlar yaradır”.

Sosioloq Mail Yaqub bildirib ki, sosial şəbəkələrin asılılıq yaratmağı bir faktdır:

“Əsas səbəb onların rəngarəng, fərqli və cəlbedici olmasıdır. Sosial şəbəkələr insanların gündəlik həyatda görmədiyi mənzərələri təqdim edir. İnsan psixologiyası etibarilə fərqli informasiyaya, yeni görüntülərə və təəssüratlara meyllidir, görməyə, eşitməyə, öyrənməyə ehtiyac duyur. Sosial şəbəkələr isə bu daxili ehtiyacı effektiv şəkildə qarşılayır və insanı cəlb edir. Qısa, rəngarəng, maraqlı videolar informasiyanı da, əyləncəni də bir arada təqdim edir. Burada lakoniklik, konkretlik və yoruculuqdan uzaq məzmun var. Bu xüsusiyyətlər sosial şəbəkələri insanların axtardığı bir platformaya çevirir və nəticədə asılılığın yaranması qaçılmaz olur”.

Mail Yaqub

Sosioloq qeyd edib ki, özünü nəzarətdə saxlaya bilməyən şəxslərin sosial şəbəkələrdə gün ərzzində 10-15 saat vaxt keçirməsi mümkündür:

“Bu isə istər-istəməz psixoloji pozuntulara, tənhalaşmaya, cəmiyyətdən uzaqlaşmaya və sonda depressiyaya səbəb olur. Bu, real və danılmaz bir təhlükədir. Ona görə də hər kəs yaşından asılı olmayaraq, məsuliyyətlə düşünməlidir. Təbii ki, sosial şəbəkələrdən iş məqsədilə istifadə edənlər istisnadır. Əgər bu, gəlir mənbəyidirsə, peşə fəaliyyətinin bir hissəsidirsə, məsələ fərqlidir. Lakin bu halda belə, gün ərzində 7-8 saatdan artıq yüklənmə insan üçün zərərlidir. Bloger və ya kontent istehsalçısı olsa da, hər bir insan mütləq istirahət etməli, özünə məcburi fasilələr verməlidir. Bu, psixoloji sağlamlıq baxımından vacib və zəruridir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
globalinfo.az

2Источники