RU

Amnistiya sonrası başlanğıc:Hüquqlar, dəstək və cəmiyyətə qayıdış

Müstəqil Azərbaycan dövləti formalaşdığı ilk gündən, xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaşların layiqli həyat səviyyəsini yüksəltməyi və cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi dövlət siyasətinin prioritetləri sırasında müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında tətbiq olunan amnistiya və əfv sərəncamları dövlətin vətəndaşına etimadının, sosial həmrəyliyin və humanist dəyərlərə sadiqliyin ifadəsi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı isə azadlığa buraxılan şəxslərin hüquqlarının qorunmasında və onların cəmiyyətə reinteqrasiyasında əsas nəzarət və koordinasiya funksiyasını həyata keçirir. Aparat tərəfindən monitorinq, məsləhət və tövsiyə tədbirləri aparılır, sərəncamların icrası zamanı hüquq pozuntularının qarşısı alınır və sosial adaptasiya prosesinin səmərəliliyi təmin edilir.

Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

Mövzu ilə bağlı bir sıra suallara cavab almaq məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına müraciət etdik. Qurumdan “İki sahil”in sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2025-ci il 19 dekabr tarixli Qərar qəbul edilmişdir. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Həmçinin dörd ay müddətində amnistiyanın tətbiqi təmin etməlidir.

Amnistiya prosesinin şəffaflığını təmin etmək üçün Ombudsman Aparatı hər addımı izləyir. Qurumun məlumatına görə, Amnistiya aktının icrası zamanı Ombudsman Səbinə Əliyeva və onun əməkdaşları Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində, Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində, 7 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində və Bakı İstintaq Təcridxanasında Amnistiya aktının icrası prosesində iştirak etmişlər. Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən penitensiar müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr zamanı məhkumlarla konfidensial görüşlər keçirilir və amnistiyanın tətbiqi ilə bağlı müraciətlər araşdırılır.Eyni zamanda, hər hansı bir müraciət olarsa, dərhal reaksiya verilməklə məsələ araşdırılacaq və aidiyyəti qurumlar qarşısında da qaldırılacaq.

Ombudsman Aparatının 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi də bu qəbildən olan müraciətlərin dərhal araşdırılması üçün effektiv vasitə kimi fəaliyyət göstərir.

“Amnistiya nəticəsində azadlığa buraxılan şəxslərin hüquqlarının azadlıqdan sonra da qorunması məqsədi ilə Ombudsman Aparatı tərəfindən hansı monitorinq və tövsiyə tədbirləri həyata keçirilir”sualına isə qurumdan verilən cavab belə oldu: “Amnistiya nəticəsində azadlığa buraxılan şəxslərin cəmiyyətə yenidən adaptasiyası və hüquqlarının təmini məqsədilə Ombudsman Aparatı tərəfindən monitorinqlər həyata keçirilir və aidiyyəti qurumlara bu istiqamətdə tövsiyələr verilir.Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində şəxslərin hüquqlarının təmini vəziyyəti, qidalanması, müvafiq proqramların icrası və rəftar məsələləri araşdırılır. Bununla yanaşı, azadlığa çıxan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması və digər sosial xidmətlərdən yararlanması ilə bağlı hər hansı ayrı-seçkiliyə məruz qalmalarına dair müraciətləri daxil olduğu təqdirdə araşdırma aparılır və nəzarətdə saxlanılır. Ombudsman tərəfindən monitorinq nəticələrinə əsaslanaraq, şəxslərin hüquqi və sosial vəziyyətinin yaxşılaşdırılması, onların ailələrinə qovuşması və cəmiyyətə reinteqrasiyası üçün dövlət qurumları qarşısında müvafiq təkliflər təqdim edilir”.

 Ombudsman Aparatından verilən digər məlumatda isə vurğulanır ki, Amnistiya aktının icrası zamanı azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası həm qanunvericilik səviyyəsində, həm də konkret institusional mexanizmlər vasitəsilə təmin edilir. Belə ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaşayış sahəsi olmayan və sosial mühitə uyğunlaşmaqda çətinlik çəkən şəxsləri yaşayış yeri ilə təmin edir.

Bundan başqa, azad olunan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, habelə digər lazımi sənədlərin hazırlanması və hüquqi məsləhətlərin verilməsi prosesi aidiyyəti orqanlar tərəfindən həyata keçirilir. Bununla yanaşı, cəza çəkməkdən azad edilmiş tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları vardır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
15
ikisahil.az

1Источники