Tehran hazırda ABŞ ilə danışıqlardan daha çox müdafiəyə tam hazırlığa üstünlük verir. Metbuat.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi belə açıqlama verib. O bildirib ki, ABŞ nəticəsi əvvəlcədən müəyyən edilməmiş danışıqlar aparmaq istəyirsə, İran bunu qəbul edəcək. Kazem Qəribabadinin sözlərinə görə, ABŞ İranı hərbi güclə danışıqlara məcbur edə bilməz. Diplomat hazırda İranla ABŞ arasında rəsmi danışıqların aparılmadığını, lakin dolayı mesajlar mübadiləsi həyata keçirildiyini ifadə edib. Kazem Qəribabadi, "Bizə qarşı hücumun başlandığı hər bir bazanı və ya nöqtəni hədəf alacağıq. Hərbi müdaxilə ABŞ üçün asan seçim deyil, çünki onlar bilirlər ki, İranın cavabı sadəcə mütənasib olmayacaq. Bizim cavabımız elə şəkildə hazırlanıb ki, onlar yenidən məhdud hücumlar etməyi düşünməyəcəklər", - deyə bildirib.