RU

Sülh Şurası Azərbaycanı salamlayır

Regional sabitliyin təminində Bakı modeli

Sirr deyil ki, XXI əsrin ikinci rübünə qədəm qoyan dünya əvvəlki təhlükəsizlik mexanizmlərinin effektivliyini itirdiyi, regional münaqişələrin isə qlobal xarakter aldığı yeni bir reallıqla üz-üzədir. Bir sıra güclər arasında artan geosiyasi rəqabət, beynəlxalq hüququn selektiv tətbiqi və beynəlxalq təşkilatların böhranlara operativ reaksiya verə bilməməsi qlobal təhlükəsizliyin təminini ciddi çağırışa çevirib. Xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT və digər nüfuzlu platformaların bir çox hallarda hadisələrin qarşısını almaqda aciz qalması yeni yanaşmalara ehtiyacı daha da aktuallaşdırır.

Belə bir şəraitdə qlobal sülh və təhlükəsizliyin qorunması təkcə böyük dövlətlərin deyil, məsuliyyətli orta güclərin də üzərinə düşən vəzifəyə çevrilib. Son bir il ərzində ABŞ Prezidenti Donald Trampın müxtəlif münaqişə ocaqlarında gərginliyin azaldılması istiqamətində ortaya qoyduğu təşəbbüslər göstərir ki, yeni dünya nizamında praqmatik diplomatiya və nəticəyönümlü siyasət ön plana çıxır. Müxtəlif regionlarda atılan bu addımlar bir daha sübut edir ki, qlobal təhlükəsizlik artıq kollektiv töhfəyə ehtiyac duyan ümumbəşəri məsələyə çevrilib.

Məhz bu kontekstdə Azərbaycan getdikcə daha aydın şəkildə beynəlxalq təhlükəsizliyin fəal iştirakçısı kimi çıxış edir. Regional liderlikdən qlobal məsuliyyət mərhələsinə yüksələn Bakı özünün praqmatik xarici siyasəti, sülhyönümlü təşəbbüsləri və etibarlı tərəfdaş imici ilə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına real töhfələr verir.

Regional sabitlikdən qlobal vasitəçiliyə...

Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə verdiyi töhfələrin əsasını Cənubi Qafqazda yaratdığı yeni reallıq təşkil edir. 2020-ci il Vətən müharibəsindən sonra bölgədə formalaşan təhlükəsizlik arxitekturası uzun illər davam edən qeyri-müəyyənliyi aradan qaldırdı və regional sabitlik üçün fundamental zəmin formalaşdırdı. Bakı post-müharibə dövründə siyasi və diplomatik alətləri ön plana çıxardı. Bu yanaşma Azərbaycanın məsuliyyətli və uzaqgörən aktor olduğunu bir daha təsdiqlədi. Bir daha übut olundu ki, yeni təhlükəsizlik modeli yalnız hərbi üstünlüyə deyil, qarşılıqlı etimad, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılmasına əsaslanır. Məhz bu səbəbdən Cənubi Qafqaz artıq qlobal qarşıdurma zonasından çıxaraq əməkdaşlıq və tranzit imkanları ilə seçilən strateji məkana çevrilməkdədir. Bu transformasiya isə birbaşa Azərbaycanın siyasi iradəsi və diplomatik fəallığının nəticəsidir.

Bakı bununla kifayətlənməyərək regional çərçivədən kənara çıxır. Ötən dövrlərdə Yaxın Şərqdə müşahidə olunan gərginliklərin azaldılması istiqamətində Azərbaycanın oynadığı vasitəçilik rolu diqqət çəkir. İsrail-Suriya, eləcə də İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində aparılan diplomatik təmaslar Bakının neytral, etibarlı və dialoqa açıq platforma kimi qəbul edildiyini göstərir. Bu fakt Azərbaycanın artıq yalnız regional deyil, qlobal sabitləşdirici aktor statusu qazandığını nümayiş etdirir.

Azərbaycanın qlobal sülh gündəmində institusional rolu

Azərbaycanın qlobal təhlükəsizlik sistemində artan rolunun daha bir mühüm təsdiqi Ümumdünya İqtisadi Forumu çərçivəsində Davosda atılan addımlarla öz əksini tapdı. Yanvarın 22-də Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi”ni imzalaması Bakının qlobal sülh uğrunda apardığı ardıcıl siyasətin məntiqi davamı oldu. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən birinə çevrildi.

Bu addım sıradan diplomatik hadisə deyil, qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın institusional iştirakının göstəricisidir. Sülh Şurası kimi beynəlxalq platformalarda yer almaq Bakıya qlobal proseslərə təsir imkanlarını genişləndirməklə yanaşı, ölkənin sülh gündəmini beynəlxalq səviyyədə irəli sürməsinə şərait yaradır. Azərbaycanın burada iştirak etməsi onun yalnız təşəbbüskar deyil, həm də məsuliyyət daşıyan aktor olduğunu nümayiş etdirir.

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının X sosial mediasında səhifəsi yaradılıb. Səhifədə Sülh Şurası təsisçi üzv kimi Azərbaycanı salamlayıb. Azərbaycanla yanaşı səhifədə Sülh Şurasına üzv olan digər ölkələrə dair salamlama posterləri də yerləşdirilib.

Beləliklə, Davos platforması dünyaya açıq mesaj verdi: Azərbaycan qlobal problemlərin müşahidəçisi deyil, həll yollarının formalaşdırılmasında iştirak edən tərəfdir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqlim çağırışları və regional münaqişələrin həlli kimi məsələlərdə Bakının mövqeyi artıq nəzərə alınan faktora çevrilib. Bu isə ölkənin beynəlxalq nüfuzunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Cənubi Qafqazın yeni siması...

Azərbaycanın təhlükəsizlik siyasətinin əsas fərqləndirici cəhəti qalib mövqedən revanşizmə deyil, sülhə üstünlük verməsidir. Tarixdə nadir hallarda rast gəlinən bu yanaşma Cənubi Qafqaz üçün yeni iqtisadi-siyasi münasibətlər sisteminin əsasını qoydu. Bakı açıq şəkildə bəyan etdi ki, regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır.

Sülh sazişi təşəbbüsləri, kommunikasiyaların bərpası və iqtisadi layihələrin irəli sürülməsi bölgədə qarşılıqlı asılılıq mexanizmini gücləndirir. Nəticədə Cənubi Qafqaz artıq böyük güclərin toqquşma meydanı kimi deyil, Şərqlə Qərbi birləşdirən əməkdaşlıq platforması kimi xarakterizə olunmağa başlayır. Bu transformasiya birbaşa Azərbaycanın strateji baxışının məhsuludur.

Qlobal aktorlar da bu reallığı qəbul edir. Artıq beynəlxalq siyasi dairələrdə Cənubi Qafqazdan danışarkən “risk zonası” deyil, “imkanlar regionu” anlayışı daha çox səslənir. Bu dəyişiklik isə Azərbaycanın yaratdığı təhlükəsizlik və sülh modelinin regional hüdudları aşaraq qlobal miqyasda rezonans doğurduğunu göstərir.

Londonda Cənubi Qafqaz müzakirəsi...

Vurğulandığı kimi, Azərbaycanın bu yanaşması qlobal mühitdə də yüksək təqdirlə qarşılanır. Məsələn, Londonda Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Geosiyasi qeyri-müəyyənlik şəraitində Cənubi Qafqazda sülhün qurulması” mövzusunda dəyirmi masa keçirilib. İki paneldən ibarət tədbirdə Azərbaycan və Böyük Britaniyadan yüksəksəviyyəli qonaqlar, eləcə də regional ekspertlər iştirak ediblər. Birinci panel RUSI-nin Beynəlxalq Təhlükəsizlik üzrə direktoru Neil Melvinin moderatorluğu ilə “Geosiyasi transformasiyalar və regional təhlükəsizlik nizamı” mövzusuna həsr olunub. Paneldə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Cənubi Qafqazda dəyişən regional dinamikanı, Azərbaycanın bölgədə aparıcı aktor kimi formalaşan rolunu və davamlı sülhə, möhkəm regional sabitliyə nail olmaq üçün ABŞ-ın bölgədə davamlı iştirakının strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, onilliklər davam edən münaqişə və ərazilərin işğalından sonra Azərbaycan hazırda Cənubi Qafqazda və daha geniş coğrafiyada sülhü təşviq edir. Azərbaycan xarici siyasətini milli maraqlara uyğun şəkildə həyata keçirir, qarşılıqlı fayda və etimada əsaslanan mümkün qədər geniş tərəfdaşlıqlar qurmağa çalışır.

“Chatham House”un baş elmi işçisi Natali Sabanadze Gürcüstanın dəyişən regional dinamika çərçivəsində rolundan bəhs edib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri və Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İsgəndərli Azərbaycanla Ermənistan arasında davam edən sülh quruculuğu təşəbbüslərinin mühüm rolunu vurğulayıb. O, vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli dialoqun qurulması və qorunmasında “Sülh Körpüsü” Təşəbbüsünün əhəmiyyətini qeyd edib.

İkinci panel Fərid Şəfiyevin moderatorluğu ilə regionda iqtisadi inteqrasiyanın mövcud imkanlarına, bu imkanların Azərbaycanla Ermənistan arasında davam edən sülh quruculuğu prosesləri ilə əlaqəsinə və iqtisadi əməkdaşlıqla qarşılıqlı asılılığın Cənubi Qafqazda sülhyaratma aləti kimi roluna həsr olunub. Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Azərbaycanın Cənubi Qafqazın regional gündəminin yenidən formalaşdırılmasında aparıcı rolunu önə çəkib. O, Azərbaycanın bir sıra çoxtərəfli platformalarda liderliyinin regionda sabitlik və rifahın təmininə töhfə verdiyini bildirib, həmçinin Orta Dəhliz kimi regional layihələrin sülhün qurulma proseslərini dəstəkləmək baxımından əhəmiyyətini qeyd edib.

Pərviz SADAYOĞLU

Избранный
104
50
yeniazerbaycan.com

10Источники