RU

Son 1 ildə 14 milyard 165,5 milyon dollar artım

Strateji valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb

Dövlət Neft Fondu (DNF) 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Məlumata görə, Fondun aktivləri ilin əvvəlindəki 60 milyard dollarla nisbətdə 22,5 faiz artmaqla 2026-cı il yanvarında 1-də 73,5 milyard dollara çatıb. Bu isə o deməkdir ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon dollara yüksəlib. Belə ki, həmin rezervlərin 86,5 faizi (73,5 milyard dolları) Dövlət Neft Fonduna (DNF), 13,5 faizi və yaxud 11 milyard 514,9 milyon dolları isə Mərkəzi Banka (AMB) məxsusdur. Ölkəmizin valyuta ehtiyatları təkcə son 1 ildə 14 milyard 165,5 milyon dolları və yaxud 19,8 faiz artıb. İl ərzində DNF-in valyuta ehtiyatları 13 milyard 510,1 milyon dolları və yaxud 22,5 faiz artıb, Mərkəzi Bankın ehtiyatları isə 555,4 milyon dollar (5,1 faiz) artım nümayiş etdirib.

Azərbaycanın xalis maliyyə aktivləri və yaxud strateji valyuta ehtiyatlarının artmasında uzaqgörən iqtisadi siyasət mühüm rol oynamaqdadır. Strateji ehtiyatların artması ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmlənməsində, dayanıqlı iqtisadi dəyər zəncirinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan xalis valyuta rezervlərinin həcmi ümumi daxili məhsulü (ÜDM) xeyli üstələyib. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir.

Valyuta ehtiyataları xarici borcu 18,5 dəfə üstələyir

Son illərdə həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında əhəmiyyətli artımlar müşahidə edilir ki, bu da çoxşaxəli rezerv portfelinin böyüməsini təşviq edir. Ehtiyatların böyüməsində qiymət və hasilat faktorları təsiredici funksiya daşısa da, çevik maliyyə siyasəti, ələxsus da Neft Fondunun qlobal investor kimi aparıcı oyunçuya çevrilməsi və rezervlərin uğurlu idarəedilməsindən qazandığı daxilolmaların rolu da xüsusi rol oynamaqdadır.

Həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və valyuta gəlirlərinin çoxalmasını təmin etməkdədir.

İqtisadi təhlükəsizlik üçün zəmanətverici rol oynayan strateji valyuta ehtiyatları Azərbaycanda riskləri tam neytrallaşdırır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir. Hazırkı mürəkkəb geoiqtisadi risklər və qlobal təhdidlərin artdığı dövrdə, habelə enerji bazarındakı dalğalanmalar fonunda Azərbaycan mövcud strateji valyuta ehtiyatlarının həcmi möhkəm iqtisadi sütuna çevrilir. 

Güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borcunun müdafəçisi kimi çıxış edir. Azərbaycanın hazırkı ehtiyataları xarici borcu (4,6 milyard dollar) təqribən 18,5 dəfə üstələməklə sabitlik və dayanıqlığı daha da möhkəmləndirir.

DNF-nin qızıl ehtiyatları 200 tona çatıb

Azərbaycanın strateji rezervləri ilə yanaşı, qızıl ehtiyatlarında da artım baş verməkdədir. Dünya bazarında bu dəyərli metalın qiymət sıçrayışları ölkəmizə təsirsiz ötüşmür və qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib və Fondun investisiya siyasətinə əsasən, yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilməsi nəzərdə tutulub. Bu siyasətə uyğun olaraq, Neft Fondu qızıl rezervlərini artıraraq 2025-ci ildə 53,4 ton qızıl almaqla ehtiyatları 200 tona çatdırıb. Hazırda Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 38,2 faiz olub ki, bu da 1 il əvvələ nisbətən 17,6 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.

Beləliklə, Neft Fondunun investisiya fəaliyyəti ilə bağlı ümumi gəlirləri xalis neft-qaz daxilolmalarını 3 dəfə üstələyib. Son 5 ildə DNF-nin investisiya fəaliyyətindən dividentləri 22,7 milyard dollar təşkil edib. Bu müddətdə fondun aktivləri 29,9 milyard dollar və ya 70 faiz artaraq 43,6 milyard dollardan 73,5 milyard ABŞ dollara yüksəlib. Bu göstəricilər Fondun investisiya fəaliyyətinin rolunun əhəmiyyətli dərəcədə gücləndiyini və dayanıqlı dəyər yaradan əsas mənbələrdən birinə çevrildiyini nümayiş etdirir.

Azad ərazilərdə qızıl dövrü başlayır

Azərbaycan həm qızıl istehsal edən ölkədir. 2025-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə 2815 kq qızıl istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artım deməkdir. Mövcud ehtiyatlar təsdiqləyir ki, ölkəmizdə qızıllçıxarma sənayesinin perspektivləri çox ümidvericidir. Çünki işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə qızılçıxarma sənayesində yeni mərhələ başlayıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorlar cəlb edilib. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsinə, Azərbaycanın qızıl ehtiyatlarının artmasına səbəb olacaq.

Hazırda Azərbaycan hökuməti Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsindən xəbər verir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə çalışan investorlar torpaq, mənfəət, gəlir və s. vergilərdən, eləcə də qızıl və gümüş məhsullarının satışı əlavə dəyər vergisindən azad olunublar, bu halda qızıl sənayesinə marağın daha da artacağı şəksizdir.

E.CƏFƏRLİ

Избранный
59
50
yeniazerbaycan.com

10Источники