RU

İran islahatçıları Xameneinin istefasını tələb etməyi planlayıb

Planın məqsədi Ali liderin səlahiyyətlərinin müvəqqəti şuraya verilməsi və idarəetmədə institusional balansın bərpası olub...

Poliqon Euractiv portalına istinadən xəbər verir ki, İranda islahatçı hərəkatın aparıcı simaları ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin istefasını açıq şəkildə tələb etmək və hakimiyyətin müvəqqəti şuraya ötürülməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırıblar.

Məlumata görə, bu plan çərçivəsində siyasətçi Azər Mənsuriyə Xamenei ilə birbaşa əlaqə yaradaraq onu könüllü şəkildə vəzifədən getməyə razı salmaq tapşırılıb. Lakin proses uğursuzluqla nəticələnib. Bildirilir ki, hakimiyyətin islahatçılara qarşı təzyiq və hədələri, eləcə də mümkün təhlükəsizlik riskləri bu təşəbbüsün reallaşmasına imkan verməyib.

İslahatçıların gündəmə gətirdiyi bu təşəbbüsün əsas səbəblərindən biri Tehranda və digər böyük şəhərlərdə baş verən etiraz aksiyaları zamanı çoxsaylı insan tələfatının qeydə alınmasıdır. İslahatçı düşərgə hesab edir ki, mövcud siyasi modeldə hakimiyyətin əsas hissəsinin ali liderin əlində cəmlənməsi ölkədə idarəetmənin daha da sərtləşməsinə, sosial gərginliyin artmasına və ictimai narazılığın dərinləşməsinə səbəb olur.

Mənbələrin iddiasına görə, islahatçılar ali liderin səlahiyyətlərinin müəyyən hissəsinin respublika institutlarına ötürülməsini, qərarların daha kollektiv və institusional mexanizmlərlə qəbul edilməsini istəyirlər. Bu yanaşmanın, həm daxili sabitliyin qorunması, həm də ölkədə siyasi sistemin transformasiyası baxımından “çıxış yolu” kimi dəyərləndirildiyi bildirilir.

Qeyd olunur ki, İranın siyasi mühitində əsasən üç böyük istiqamət formalaşıb. Fundamentalistlər 1979-cu il İslam İnqilabının ideoloji xəttinin sərt şəkildə qorunmasını müdafiə edir. Konservatorlar bu mövqeyə yaxın olsalar da, müəyyən məsələlərdə daha çevik yanaşma sərgiləyə bilirlər. İslahatçılar isə ölkədə idarəetmə modelinin mərhələli şəkildə dəyişdirilməsini, daha geniş siyasi iştirakın təmin olunmasını və dövlət institutlarının rolunun artırılmasını prioritet hesab edirlər.

İranın hüquqi çərçivəsinə gəldikdə isə, İslam Respublikası Konstitusiyasının 8-ci fəslinin 111-ci maddəsinə əsasən, ali lider öz qanuni vəzifələrini icra etmək iqtidarında olmadıqda, bu vəzifə üçün tələb olunan keyfiyyətləri itirdikdə və ya ilkin olaraq həmin tələblərə uyğun gəlmədiyi müəyyənləşdikdə vəzifədən kənarlaşdırıla bilər. Eyni zamanda, ali liderin vəfatı, könüllü şəkildə istefası və ya vəzifədən uzaqlaşdırılması halında Ekspertlər Şurasının üzvləri mümkün qədər tez yeni liderin seçilməsi və təqdim olunması üçün proseduru işə salmalıdır.

Müşahidəçilər hesab edirlər ki, bu cür təşəbbüslər İran daxilində siyasi parçalanmanın dərinləşdiyini və islahatçı qanadın mövcud idarəetmə modelini dəyişmək istiqamətində daha açıq addımlar atmağa hazırlaşdığını göstərir. Bununla belə, təhlükəsizlik strukturlarının təzyiqi və siyasi məhdudiyyətlər fonunda islahatçıların planlarının yaxın perspektivdə reallaşmasının çətin olduğu vurğulanır.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники