RU

“Qarabağ”ın uğurlarını davamlı etmək üçün nə lazımdır? SORĞU

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir. Son turda “Liverpul”a böyük hesablı məğlubiyyətə baxmayaraq, komandamız pley-off mərhələsinə keçməklə tarixi nailiyyətləri sırasına daha birini əlavə etdi.

Son illərdəki uğurlu nəticələr klubun beynəlxalq arenada adını daha çox tanıdıb. Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan bu uğurlar həm də ölkənin idman imicini yüksəldir.

Bəs “Qarabağ”ın uğurlarını artırmaq, davamlı etmək üçün nə etmək olar?

“AzPolitika” bu barədə idman və futbol mütəxəssisləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Telejurnalist, futbol şərhçisi Asif Bağırov:

“Qarabağ”ın uğurlarını davam etdirmək üçün mövcud vəziyyətlə kifayətlənməyib sistemli şəkildə çalışmaq lazımdır. İlk növbədə uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilməlidir. Hazırkı uğurlara baxmayaraq, əsas heyətdə cəmi iki yerli futbolçu yer alır. Doğrudur, Nəriman Axundzadə və Musa Qurbanlı ara-sıra oyuna daxil olurlar, lakin hələlik gözlənilən effekti vermirlər. Ümid edək ki, onlar da üzərlərində daha çox işləyərək klubun uğurlarına töhfə verəcəklər. Bununla belə, “Qarabağ”ın bugünkü nəticələri azarkeşləri aldatmamalıdır. Xatırladaq ki, iki il əvvəlki uğurlu çıxışdan sonar ötən mövsüm ciddi geriləmə yaşandı. Hətta azarkeşlər “Qarabağ”ın “Ayaks” kimi güclü rəqibləri də məğlub etməsini tələb edirdilər. Nəzərə almaq lazımdır ki, heç bir komanda ardıcıl olaraq bütün oyunlarda qalib gəlmək imkanına və öhdəliyinə malik deyil. Bu baxımdan builki uğurun avtomatik olaraq davamlı

olacağını, xüsusilə də ağdamlıların növbəti mövsüm keçid oyunları olmadan birbaşa 1/8 finala yüksələcəyini gözləmək düzgün olmaz. Bu ssenari baş

verməyə də bilər.

“Qarabağ”ın uğurları müəyyən mənada iqtisadi çətinliklər də yaradır. Əgər 3-4

il əvvəl klub bir futbolçunu təxminən 500 min avroya transfer edə bilirdisə, hazırda ağdamlıların avropa səhnəsindəki uğurlu çıxışı futbolçular üçün tələb olunan transfer qiymətlərinə ciddi təsir göstərib. Digər tərəfdən, bu uğurlar ölkəmizə olan futbol inamını da artırır. Artıq bəzi futbolçular Azərbaycan

klublarını Avropaya açılan bir tramplin kimi dəyərləndirirlər. Bu baxımdan digər klublar da yaranmış vəziyyətdən faydalana bilərlər.

Ölkənin tanınması isə tam ayrı söhbətin mövzusudur. Bu uğurlar birmənalı surətdə tanınmağa kömək edəcək. Əminəm ki, bəzi əcnəbilər məhz “Qarabağ”ın uğurlu çıxışı sayəsində ölkəmizi tanıyıblar”.

İdman jurnalisti Araz Əhmədov:

“Burada əsas məsələ “Qarabağ”ın uğurlarını artırmaq və davamlı etməkdir.

Bunun üçün mütləq və mütləq klubun gördüyü işlərlə paralel olaraq Azərbaycan futbolu da inkişaf etməlidir. Əgər ölkə futbolu inkişaf etməyəcəksə, tək “Qarabağ”ın gücü ilə ölkə futbolunu ayağa qaldırmaq, onu ayaqda saxlamaq və inkişafı təmin etmək mümkün olmayacaq. Çünki “Qarabağ”ın “Qarabağ” kimi qalması üçün birinci növbədə ölkə çempionatı güclü olmalıdır.

Azərbaycan futbolunun güclü olması Azərbaycan yığmasının güclü olması deməkdir. Milli komandamızın indiki vəziyyətini yaxşı bilirik. Ölkə futbolunun əsl güzgüsü “Qarabağ” deyil, çünki “Qarabağ” klub komandasıdır. Ölkə futbolunun güzgüsü Azərbaycan milli komandasıdır və onun nəticələri də

bərbaddır.

Bu istiqamətdə ilk növbədə uşaq futbolu inkişaf etməlidir. Azərbaycanda uşaq

futbolunun inkişafı üçün meydançalar yetərli deyil”.

İdman blogeri Elmar Rza: “Klub bundan sonra qarşısına daha iddialı inkişaf məqsədləri qoymalıdır. Təkcə güclü komanda formalaşdırmaqla kifayətlənməyib, klub olaraq hərtərəfli vədayanıqlı böyüməni hədəfləməlidir. Bu inkişaf akademiyanın işinin peşəkar

şəkildə qurulmasını, idarəetmə proseslərinin sistemləşdirilməsini, marketinq fəaliyyətinin keyfiyyətinin artırılmasını, eləcə də skautinq sisteminin gücləndirilib müasir yanaşma ilə təşkil olunmasını da əhatə etməlidir.

Bütün bu qeyd etdiklərimiz “Qarabağ”ın bir marka kimi daha da böyüməsi üçün vacib amillərdir. Klubun da bu istiqamətdə addımlar atmaq və göstərilən sahələri inkişaf etdirmək üçün kifayət qədər potensiala malik olduğunu

düşünürəm”.

Oğuz Ayvaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
azpolitika.info

1Источники