ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 yanvar, Göyçək Mahmudlu, Aytac Babayeva, Ələkbər Baxşıyev, Azər İbrahimov, AZƏRTAC
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs ölkədə ailə təsərrüfatlarının inkişafına yönəlmiş mühüm qurumlardan biridir. Bu qurum vasitəsilə kiçik ailə biznesləri istehsaldan satışa qədər bütün mərhələlərdə dəstəklənir. Qurumun əsas məqsədi ailə bizneslərini rəsmiləşdirmək və yerli istehsalı təşviq etməkdir.
"ABAD" çərçivəsində qida məhsulları və əl işləri vahid brend altında təqdim olunur, bu dəstək mexanizmi ailə təsərrüfatlarına bazar iqtisadiyyatına uyğun fəaliyyət qurmaq imkanı verir, ailə bizneslərinin davamlı inkişafını təmin etməklə sosial rifahın yüksəlməsinə xidmət edir.
AZƏRTAC-ın müxbirləri "ABAD" çərçivəsində öz zəhmətini qazanca çevirən qurama ustası 76 yaşlı Həqiqət Mahmudovanın evinə yollanıblar.
Artıq qalmış parçalara yeni həyat verirəm
Bizi gülərüz və mehribanlıqla qarşılayan Həqiqət xanım əl işlərini xüsusi həvəslə nümayiş etdirirdi. Əl işlərini bir-bir göstərən Həqiqət Mahmudova onları necə ərsəyə gətirdiyini böyük şövqlə danışırdı. Quramanın çoxşaxəli sənət olduğunu qeyd edən usta boş vaxtı olanda, hansısa ideyası olmayanda adi parçanın üzərinə digər parça hissələrini tikməyə başladığını, tikdikcə yeni bir məhsul alındığını bildirib: "Sadəcə həvəs və vaxt lazımdır. Əl işlərimə kifayət qədər maraq var. Artıq onlara adımı da həkk etmişəm. Mən istifadə olunmayan, artıq qalmış parça kəsiklərindən yeni bir əl işi ortaya gətirirəm. Bir növ həmin parçalara ikinci həyat verirəm. Ona görə atelyelərdə artıq qalan parçaları mənə verirlər. Həm yeni məhsul yaranır, həm də təbiət çirklənmir. O qədər öyrəşmişəm ki, hansısa parçanı söküb iplərini əlimə yığanda o mənim gözümə gül kimi görünür. Dərhal onu gül formasına gətirirəm".
“ABAD”dan sonra mənim üçün çox qapılar açıldı
Həqiqət xanım qurama sənəti ilə necə məşğul olduğu, bu sənətin sirlərini necə öyrəndiyi barədə də məlumat verərək deyib: "Beş ildir, bu işlə məşğulam. Əl işləri sənətinə uşaqlıqdan marağım olsa da öyrənməyə imkan yox idi. Həyat yoldaşım dünyasını dəyişəndən sonra özümdə boşluq hiss etdim. Artıq təqaüddə idim. Yavaş-yavaş belə əl işləri yaratmağa başladım. Sosial şəbəkələrdə xarici ustaların işinə baxa-baxa öz ideyalarım əsasında məhsullar yaratdım. "Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai Birliyi məni dəvət etdi və quramanın əsaslarını öyrəndim. Daha sonra əl işlərimi "ABAD'a təqdim edə və satışını edə biləcəyimi dedilər. “ABAD”ın mütəxəssisləri əl işlərimi bəyəndilər. Artıq bir ilə yaxındır “ABAD”ın üzvüyəm. “ABAD”dan sonra mənim üçün çox qapılar açıldı, təkliflər gəlməyə başladı, maraqlananların sayı artdı. “ABAD” vasitəsilə 800 manata yaxın əl işim satılıb. İkinci mərhələ əl işlərimi təhvil verməyə hazırlaşıram. Mən “ABAD”dan sonra özümü tənha hiss etmirəm. “ABAD” mənim üçün doğmalaşıb. Həm məni tanıdırlar, həm də zəng edib hansı əl işimin satıldığı, hansına daha çox maraq olduğu barədə məlumat verərək motivasiya edirlər. Sərgilərdə iştirak edirik, həm yerli, həm də xarici vətəndaşların diqqət mərkəzinə düşürük. “ABAD”ın regionlarda filialları var. Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilən tədbirdə qurama üzrə məni seçmişdilər. Şəki turistlərin daha çox axın etdiyi məkanlardan biri olduğundan ora gələn turistlər də səfər zamanı əl işlərimizlə maraqlanırdılar. Əl işlərim satıldıqca məndə yaratmaq həvəsi daha da artır.
Bəlkə də desəm inanmayacaqsınız, amma karandaşı əlimə alsam, nəsə çəkə bilmirəm, lakin tikiş maşınının iynəsi ilə nə istəsəniz çəkərəm. Boş vaxtlarımda adi parçanı götürüb, onun üzərinə digər parçaları yığıram. Əsas diqqət edirəm ki, rənglər bir-birinə uyğunlaşsın, bir-birini tamamlasın. Master klasslar da keçirəm. Daha çox rənglərin harmoniyasını yaratmağı tövsiyə edirəm. Yəni parçanı əlinə aldığında rəngləri hiss etmək lazımdır. Elə olur ki, hansısa parçadan kimsə özü üçün pencək, ətək və ya kostyum tikdirib. İstəyib ki, həmin geyimə uyğun çanta da olsun. Mən geyimdən qalan parçadan ona uyğun çanta hazırlamışam. Ümumiyyətlə, əl işlərimin dizaynını özüm verirəm. Əl işlərimdən özüm də istifadə edirəm. Elə olub ki, hazırladığım çantanı görüb maraqlanıblar, parçasını haradan aldığımı soruşublar. Deyəndə ki, parçanı özüm yaradıram, çox təəccübləniblər. Əl işlərim arasında daha çox tələbat çanta, araqçın, bir də mətbəx, ev üçün hazırlanmış məhsullaradır”.
Qədim dövrlə müasirliyin sintezini yaratmaq istəyirəm
Həqiqət Mahmudova öyrəndikləri və əldə etdikləri ilə kifayətlənməyəcəyini qeyd edərək, gələcək planlarından da danışıb: "ABAD” çərçivəsində yeni layihələr həyata keçirməyi düşünürəm. Belə ki, bir əsrdən artıq yaşı olan parçalardan ev üçün əl işləri hazırlamaq istəyirəm. Bir növ qədimi üzə çıxarmaq, onu dünyaya nümayiş etdirmək fikrindəyəm. Həmçinin qurama stilində qədim və müasirliyi özündə əks etdirən araqçın hazırlamaq istəyirəm. İşlədikcə cürbəcür ideyalar yaranır, çünki “ABAD” bizi ruhlandırır. Arzum budur ki, xaricdə də bizim belə sənətkarlarımızın olduğunu bilsinlər. Əslində, quramaya xarici ölkələrdə maraq böyükdür, tədbirlər təşkil olunur. Qurama bizim ölkəmizdə də uzun illərdir olsa da, hələ yeni-yeni tanınır. Çox istərdim ki, bizdə də belə böyük tədbirlər olsun, Azərbaycan ustalarının əl işlərini digər ölkələrin nümayəndələri görsünlər".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.