RU

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketində dəniz xidmətlərinin tam qadağasını müzakirə edir

Kaya Kallas: Rusiyadan dəniz servisinin qadağan edilməsi və gübrələrlə bağlı məhdudiyyətlər gündəmdədir...

Poliqon xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Rusiyaya qarşı 20-ci sanksiya paketi çərçivəsində dəniz xidmətlərinə tam qadağa və gübrələrlə bağlı müxtəlif məhdudiyyətlər müzakirə olunur.

Kaya Kallasın sözlərinə görə, sanksiya paketi üzrə üzv dövlətlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb: “Bu paketlə bağlı ölkələr müxtəlif tədbirlər təklif edirlər. Bunlara sizin qeyd etdiyiniz kimi dəniz xidmətlərinin tam qadağan edilməsi, enerji məsələləri, enerji sanksiyaları, eləcə də müxtəlif gübrələrlə bağlı məhdudiyyətlər daxildir. Yəni bütün bu təkliflər hazırda müzakirə masasındadır. İş davam edir. Mən deyə bilmərəm ki, artıq razılaşma var, çünki əgər olsaydı, bunu elan edərdik. Bu gün geniş müzakirələr apardıq və indi iş bu istiqamətdə davam etdirilir”, deyə Aİ rəsmisi vurğulayıb.

Bildirilib ki, Avropa İttifaqı artıq Rusiyadan gübrə idxalına dair yeni məhdudiyyətlər tətbiq edir. Belə ki, 2025-ci ilin iyul ayında Rusiyadan idxal olunan gübrələr üçün mövcud 6,5 faiz gömrük rüsumuna əlavə tədbirlər qüvvəyə minib. Yeni qərara əsasən, azot gübrələri üçün tonuna 40 avro, qarışıq gübrələr üçün isə tonuna 45 avro həcmində xüsusi tarif tətbiq olunub. Bu addımlar nəticəsində Rusiya gübrələrinin Aİ-yə tədarükdəki payı son dörd il ərzində 28 faizdən 23 faizə qədər azalıb.

Məlumata görə, Kaya Kallas bundan əvvəl Rusiya-Ukrayna müharibəsində iştirak etmiş şəxslərin Avropa İttifaqına girişinin qadağan edilməsi ideyasını da şərh edib. O hesab edir ki, bu kateqoriyaya aid şəxslər Aİ üçün təhlükəsizlik riski yarada bilər. Kallas əlavə edib ki, atəşkəs və ya münaqişə ilə bağlı digər qərarlar qəbul ediləcəyi təqdirdə, Avropa rəsmiləri bu təşəbbüsü daha da təkmilləşdirəcəklər.

Poliqon.info

Избранный
105
33
poliqon.info

10Источники