RU

Kanadanın baş naziri: ABŞ bizim suverenliyimizə hörmət etməlidir

BAKI, 30 yanvar. TELEQRAF

Kanadanın baş naziri Mark Karni ABŞ rəsmilərinin Alberta əyalətinin müstəqilliyini dəstəkləyən separatçı qruplarla görüşməsi barədə xəbərlərə münasibət bildirərək, Vaşinqtonun Kanadanın suverenliyinə hörmət göstərəcəyinə ümid etdiyini deyib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mark Karni mətbuat konfransında bildirib ki, ABŞ Prezidenti Donald Trampla apardığı bütün danışıqlarda Kanadanın suverenliyinə hörmət məsələsini açıq şəkildə vurğulayır. Onun sözlərinə görə, Tramp indiyədək Alberta separatizmi mövzusunu onunla müzakirə etməyib.

"Financial Times" qəzetinin yazdığına görə, ABŞ Dövlət Departamentinin rəsmiləri "Alberta Prosperity Project" adlı qrupla üç dəfə görüş keçiriblər. Həmin qrup enerji istehsal edən Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı referendumun keçirilməsini təşviq edir. Nəşr qeyd edir ki, qrup gələn ay ABŞ Dövlət və Maliyyə nazirliklərinin nümayəndələri ilə yenidən görüşərək 500 milyard dollar həcmində kredit xətti üçün müraciət etməyi planlaşdırır.

Alberta əyalətinin baş naziri Danielle Smit Kanadanın tərkibində qalmaq istədiyini desə də, sorğuların əhalinin təxminən 30 faizinin Ottavanın həddindən artıq müdaxiləsindən narazı olduğunu göstərdiyini bildirib.

Quru ilə əhatələnmiş Alberta üçün Sakit okean sahillərinə çıxan yeni neft kəmərinin çəkilməsini istəyən Smit bu layihənin qonşu Britaniya Kolumbiyası əyalətindən keçməli olduğunu vurğulayıb. Lakin həmin əyalətin baş naziri Devid Ebi bu ideyanı rədd edib.

Devid Ebi jurnalistlərə açıqlamasında Kanadanı parçalamaq məqsədilə xarici dövlətdən yardım istəməyin xəyanət olduğunu bildirib.

Ötən həftə ABŞ maliyyə naziri Skott Bessent radionun efirində Alberta ilə bağlı fikirlər səsləndirərək, insanların suverenlik istədiyini və ABŞ-də mövcud olan modeli arzuladığını deyib.

Son həftələr Mark Karni və Donald Tramp arasında qarşılıqlı sərt açıqlamalar səslənib. Karni hesab edir ki, Trampın son bəyanatlarının bir hissəsi bu ilin sonuna planlaşdırılan ABŞ–Meksika–Kanada ticarət sazişinə yenidən baxılması prosesi ilə əlaqəli ola bilər.

Избранный
114
50
teleqraf.com

10Источники