RU

Tanınmış riyaziyyatçı, sevimli müəllim

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Məmməd Yaqubov – 85

Müəllimə ziyalı demək bu peşənin sahibinə verilən ən böyük tərifdir. O, işıqlı varlığı ilə təkcə tələbələrinin və şagirdlərinin həyatına istiqamət vermir, həm də bütün cəmiyyətin qaranlıqlarını aydınlatmaq üçün yol açır.

Biz Məmməd Yaqubovun yetirmələri fərqli elm sahələrində, müxtəlif vəzifələrdə çalışsaq da, özümüzü yenə onun şagirdi, tələbəsi hesab edirik. Belə bir insanın yubileyində onun haqqında yazmaq çətin, məsuliyyətli, həm də şərəflidir.

Əslən Zəngəzur mahalından olan Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Culfa rayonunun Milax kəndində dünyaya göz açıb. Onun valideynlərinin Zəngəzurdan Naxçıvana pənah gətirmələri təsadüfi deyildi. Hortuyüz kəndi 1918-ci ildə erməni daşnaklarının vəhşiliyinin qurbanı olmuş, sakinlər dədə-baba torpaqlarından didərgin düşmüşdülər. İkinci Dünya müharibəsindən sonra Yaqubovlar Ərəfsəyə köçüblər. Onların ikinci qaçqınlıq həyatı 1988-ci il deportasiyasından sonra başlandı.

Məmməd Yaqubov 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin il bu ali məktəbdə aspiranturaya daxil olub. O, 1966-cı ildə Q.Əhmədov və S. Nəsibovun elmi rəhbərliyi ilə "Qeyri-xətti tənliklərin həllərinin budaqlanması və dayanıqlığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Məmməd Yaqubov müəllimi Qoşqar Əhmədov barədə: “O, mənim həm müəllimim, həm də elmi rəhbərim olub. Biz onunla yalnız müəllim-tələbə deyil, həm də ata-oğul, dost və qardaş olmuşuq”.

1965-ci ildən etibarən diferensial və inteqral tənliklər kafedrasının assistenti olaraq fəaliyyətə başlayan Məmməd müəllim Qoşqar Əhmədovun təşkil etdiyi və tamamilə yeni bir sahə olan "Optimal idarəetmənin riyazi nəzəriyyəsi" mövzusunda elmi seminarın daimi iştirakçılarından biri olub.

Alimin 1965-ci ildə başladığı optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələləri üzrə tədqiqatları 1991-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi ilə başa çatıb. Onun bu sahədəki elmi nailiyyətləri, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Yekaterinburq, Minsk, İrkutsk və Daşkənd şəhərlərindəki optimal idarəetmə məktəbləri mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmiş və elmi nəticələri tanınmış beynəlxalq elmi jurnallarda dərc olunub.

Tanınmış riyaziyyatçı alim 1965-ci ildən BDU-nun diferensial və inteqral tənliklər kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1990-cı ildən isə həmin təhsil ocağında yeni yardılan idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasında işləyib və 1997-ci ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. Məmməd Yaqubovun elmi-pedaqoji fəaliyyətini dövlətimiz yüksək qiymətləndirib. 1999-cu ildə "Əməkdar müəllim" fəxri adna layiq görülüb. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib, 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illik yubileyində ona "Əməkdar elm xadimi" adı verilib.

Professor Məmməd Yaqubov 1972-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasının elmi katibi kimi fəaliyyət göstərərək elm və təhsilin inkişafında əvəzsiz rol oynayıb. O yalnız elmi fəaliyyətində deyil, həm də ali təhsil sistemində göstərdiyi xidmətlərlə böyük nüfuz qazanıb. Məmməd müəllim müxtəlif dövrlərdə Ali Attestasiya Komissiyasının İxtisaslaşdırılmış Müdafiə Şuralarının elmi katibi vəzifəsini də böyük məsuliyyətlə icra edərək elmimizin gələcəyinə yönəlmiş mühüm addımlar atıb.

Son illərdə Məmməd Yaqubov psevdo-parabolik tənliklərlə (3 tərtibli xüsusi törəməli tənliklərlə) təsvir olunan və demək olar ki, tədqiq edilməmiş optimal idarəetmə məsələlərini dərindən araşdırmağa başlamışdır. Onun bu sahədəki tədqiqatları yalnız riyaziyyatın sərhədlərini genişləndirmək deyil, həm də praktiki məsələlərin həllində böyük əhəmiyyət kəsb edir. O, optimallıq üçün zəruri şərtlər və kafi şərtlər üzərində işləyərək xətti üçtərtibli tənliklər üçün kvadratik meyarlı optimal idarəetmə məsələlərində yeni mühüm nəticələr alıb.

Məmməd Yaqubov, eləcə də professorlar Q.Əhmədov və K.Həsənovun uzun illər ərzində "Adi diferensial tənliklər" kursundan apardıqları mühazirələr əsasında yazılmış "Adi diferensial tənliklər" adlı dərslik ilk dəfə 1978-ci ildə nəşr olunub. Bu dərslik elmin və təhsilin zirvəsinə gedən yolda atılmış mühüm bir addım idi və indi də bu fənnin tədrisinin əsasında durur. Qeyd edilərək ki, bu dərslik adi diferensial tənliklər sahəsində dünyada məlum olan dərsliklər içərisində xüsusi yer tutur. 2015-ci ildə həmin dərsliyə əlavələr və dəyişikliklər edilərək onu yenidən nəşr etmək zərurəti yaranıb. Bu da göstərir ki, Məmməd Yaqubovun elmi irsi heç zaman köhnəlmir, daim yenilənir və inkişaf edir.

Xatırladaq ki, Məmməd müəllim ali məktəblər üçün 2, orta məktəblər üçün 7 dərsliyin, ali məktəblər üçün 4, orta məktəblər üçün isə 12 dərs vəsaitinin, 100-dən çox elmi, 20-dan çox metodik məqalənin müəllifidir. 1985-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvü və riyaziyyat üzrə ABŞ-da nəşr olunan referativ jurnalın referentidir.

Professor Yaqubov 1992-ci ildən başlayaraq ümumtəhsil məktəblərində riyaziyyatın tədrisinin vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə Bakı məktəblərinin birində müəllimlik etmişdir. Sonra isə nizamnaməsini yazdığı bir məktəb-liseydə dərs demişdir. Bu fəaliyyətinə görə Təhsil Nazirliyi ona ümumtəhsil məktəbləri üçün tədris proqramları tərtib etmək məqsədilə kollektiv yaratmağı təklif edib. Sonradan formalaşan bu kollektivin hazırladığı proqramlar 2018-ci ilə qədər tətbiq edilib.

Bu proqramlar əsasında M.Yaqubovun rəhbərliyi ilə ümumtəhsil məktəbləri üçün V-XI siniflərin dərslikləri yazılıb və bu dərsliklər 2002-ci ildən 2018-ci ilə qədər istifadə olunub. Hazırda əksər müəllimlər yenə də bu dərsliklərdən yararlanırlar. Bu yolla qazanılmış təcrübə ona 1998-ci ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) "Riyaziyyat" seminarının rəhbəri və ekspert qrupunun sədri kimi çox kömək edib. Həm da bu təcrübə əsasında yazılmış və "Abituriyent" jurnalının həm Azərbaycan dilində, həm də rus dilində nəşr etdiyi "Riyaziyyat" vəsaiti abituriyentlərin stolüstü kitabı olub.

Bu uzun və zəngin təcrübə yalnız Məmməd Yaqubovun elmi fəaliyyətini deyil, həm də təhsildəki mükəmməlliyini göstərir. O təkcə riyaziyyat müəllimi deyil, eyni zamanda, hər bir tələbənin həyatına təsir edən, onların gələcəyini işıqlandıran bir ziyadır. Məmməd Yaqubov öz əsərləri ilə elmin və təhsilin zirvələrinə çatmaq istəyən hər kəs üçün bir yol göstərən, əvəzsiz bir rəhbər və bələdçidir. Onun irsi, təhsil sahəsindəki ən böyük sərvətlərdən biri olaraq tarixdə qalacaq və gələcək nəsillərə ilham verəcək.

Məmməd Yaqubov yalnız bir müəllim deyil, həm də böyük alim və tədqiqatçıdır. Onun rəhbərliyi altında 16 tədqiqatçı namizədlik dissertasiyasını müdafiə edib, bir tədqiqatçının isə elmi məsləhətçisi olub. O yalnız elmi tədqiqatlar aparmaqla kifayətlənməyib, həm də 20-dən çox dissertasiya müdafiəsində rəsmi opponent kimi çıxış edib. Məmməd Yaqubovun elm dünyasında qazandığı hörmət, onun yalnız akademik fəaliyyətinin deyil, həm də öz elmi irsinin təsir gücünün bariz nümunəsidir.

Elmi tədqiqatla paralel olaraq, Məmməd Yaqubov 1965-ci ildən etibarən tədrisə də önəm verib. O, adi diferensial tənliklər və variasiya hesabı üzrə apardığı mühazirə və məşğələlərdə hər bir detala diqqət edərək tələbələrinə yalnız bilik deyil, həm də düşüncə tərzi, elmi araşdırmaların incəliklərini öyrədib. Onun yazdığı dərsliklər və elmi əsərlər, həm indiki, həm də gələcək nəsillər üçün əvəzsiz bir qaynaq olaraq qalacaq. Məmməd Yaqubovun adı yalnız riyaziyyatın incəliklərində deyil, həm də elmə olan sevgisi, tələbələrinə verdiyi dəyərlə əbədi olaraq yaddaşlarda yaşayacaq.

Məmməd Yaqubov çox məsuliyyətli və tələbkar bir insandır. Uzunmüddətli pedaqoji təcrübə isə ona imkan verir ki, hər dərs əvvəlkilərindən daha zəngin və dolğun olsun, monotonluqdan uzaq olsun.

Məmməd Yaqubovu biz yalnız iş yoldaşımız, müəllimimiz kimi deyil, həm də həssas, qayğıkeş, ətrafındakıları dərk edən, canıyanan, əsl dost kimi tanıyırıq. Görkəmli riyaziyyatçı alim, professor Məmməd Yaqubovu 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda əzmkarlıq və fədakarlıq arzulayırıq!

Ziyatxan ƏLİYEV,BDU mexanika-riyaziyyat fakültəsinin dekanı,

Yaşar MEHRƏLİYEV,kafedra müdiri,

Şakir YUSUBOV,dosent

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
45
xalqqazeti.az

10Источники