"Klassik əsərlərdə edilən cüzi dəyişikliklər belə bütöv fəlsəfəni dəyişə bilər".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, klassiklər bu xalqın artıq ümummilli sərvətidir və ümummənəvi dəyər təsnifatına daxil olan irsdir:
"Füzuli, Nəsimi və digər klassiklər hər kəsin istədiyi kimi müdaxilə edib çap edə biləcəyi mətnlər deyil. Bu əsərlər elə bir statusdadır ki, hətta özəl nəşriyyatlar tərəfindən çap olunarkən belə mütləq lisenziyalaşdırılmalıdır".
R.Hüseynov qeyd edib ki, klassik əsərlərin çapına hüquqi səlahiyyətin hansı qurumda olacağı dəqiq müəyyənləşdirilməlidir:
"Bu səlahiyyət Mədəniyyət Nazirliyinə və ya onun müəyyən etdiyi xüsusi quruma aid ola bilər. Deputatın fikrincə, klassiklərin nəşri birmənalı şəkildə dövlət nəzarətində olmalıdır".
O vurğulayıb ki, dərsliklər də eyni qaydada dövlət nəzarəti altında hazırlanmalıdır:
"Dərslik məsələsində də "istədiyim kimi sifariş verim, istədiyim kimi hazırlansın" yanaşması yolverilməzdir. Məzmun məsələsi ayrıca müzakirə mövzusudur, amma nəzarət mexanizmi mütləq olmalıdır".
Mina Mikayılova
Milli.Az