RU

Umud Rəhimoğlu: “Mənə “Qarabağ” adı qoymuşdular”-Umud Rəhimoğlu - MÜSAHİBƏ



Fevralın 1-də 65 yaşı tamam olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsisçisi və sədri Umud Rəhimoğlu (Mirzəyev) müsahibimizdir.

- Umud müəllim, 65 yaşınızı necə təsəvvür edirdiniz?

- Bir az çətin sual oldu. Özümü təxminən 18 yaşında olan bir adam kimi görürəm.

- Belə başa düşdük ki, siz özünüzün heç vaxt 65 yaşınızı təsəvvür etməmisiniz, çünki ruhunuz 18 yaşlı insanın ruhudur. Bunun bir səbəbi var?

- Gəncliyimizdə kənddə olan yaşlı adamlara baxırdıq, deyirdik ki, biz gəlib o yaşı fəth edə biləcəyikmi? İllər keçir, bu gün geriyə baxıb fikirləşirsən ki, bu zaman, bu vaxt niyə belə sürətlə keçib getdi? Bu sualı düşünürkən yaddaşımdan çox şeylər keçir. Gördüyüm işlər, məni əhatə edən aura, ağrı-acılar, çətinliklər, dost sevisi, dost münasibəti və sair o qədər sıx olub ki, zamanın keçdiyinin fərqində olmamışam. Mən heç nədən özünə işlər icad edən birisiyəm. O üzdən insan iş görərkən, hansısa məsələnin həlli üçün çalışarkən zamandan xəbəri olmur, zaman onun böyründən xəlvətcə ötüb keçir.

- Təmtaraqlı ad günü keçirmisinizmi heç? Ümumiyyətlə, ad günlərinizi necə keçirirsiniz? Uşaq vaxtı necə, ad gününüzü ata-ananız qeyd edirdimi?

- Mənim ad günüm heç vaxt olmayıb, heç keçirməmişəm. Yanvarın 30-da Mətbuat Şurasında 65 illiyimlə bağlı tədbir keçirildi, Azərbaycan Yazıçılar Birliyində bir tədbir planlaşdırılır. Dostlar sağdan-soldan üstümə düşürlər ki, onu edək, bunu edək.

Kənddə zəhmətkeş bir ailədə böyümüşəm. Valideynlərim heç vaxt ad günümü keçirməyiblər. Bu imkansızlığa görə deyildi. Hər şeyimiz olub, nə uşaqlığımda, nə gəncliyimdə çətinlik çəkməmişəm. Valideynlərim zəhmətkeş olub deyə evimizdə heç bir problemimiz olmayıb. Ata-anamdan mənə qalan ən böyük varidat da onlardan gələn işgüzar, zəhmətkeş olmaq genidir. Bunu mənə ötürüblər. Bəlkə də ona görədir ki, mənim bu keçib gedən zamandan xəbərim olmayıb. Başım işlərə qarışıb.

- Sizi sevindirən və kədərləndirən nədir?

- Ömrümün tən yarısı kədərlə keçib. Ona görə ki, torpaqlarımız, yurdumuz-yuvamız, el-obamız işğal altında idi, qohum-əqrabamız, yaxınlarımız qaçqın düşüb çadırlarda yaşayıblar, ağrı-acılar yaşayıblar. Bu ağrı-acıları da bütün vücudumla hiss etmişəm.

- Kəndiniz işğal olunanda neçə yaşınız vardı?

- Mənim kəndim 32 yaşımda işğal olundu, amma ondan əvvəl Qərbi Zəngəzuru pərən-pərən salmışdılar. Anam Zəngəzur qızıdır. Qohum-əqrabalarım Qarakilsədən, Zəngəzur mahalından didərgin salınmışdılar. Keçən əsrin 80-ci illərinin sonlarında onlar öz doğma yurdlarından deportasiya olundular, bir hissəsi Qabağa gəldilər, bir hissəsi də Azərbaycanın müxtəlif yerlərinə səpələndilər. 1993-cü ildə də doğulduğum Füzuli rayonun Aşağı Əbdürrəhmanlı kəndi, Füzuli özü işğal olundu. Amma 1993-cü ilə qədər Qarabağ bölgəsinin bir sıra əraziləri işğal olunmuşdu, Xocalı soyqırımını, Qaradağlı, Cəmilli faciələrini yaşamışdıq, Şuşa işğala məruz qalmışdı. Çox saylı faciələri görmüşdük, Kəlbəcər işğal olunmuşdu.

- Nədən qorxursunuz? Nəyisə itirməkdən qorxduğunuz vaxt olubmu?

- Mənim qorxu hissim olmayıb, heç nədən qorxmamışam. İşğal dövründə bir an da olsun torpaqlarımızın itirilməsi barədə düşünməmişəm. Heç zaman ağlıma sığışmayıb ki, biz bu torpaqlar əldən getdi. Saysız dostlarımla beynəlxalq təşkilatlardakı ekspertlərlə, “artıq Qarabağ getdi əlinizi üzün” deyənlərlə böyük davalarımız olub. Yeri gəlmişkən, beynəlxalq qurumlarda məni görən kimi barmaqla göstərirdilər ki, “Qarabağ gəldi”. Mənə “Qarabağ” adı qoymuşdular. Həyatımın, varlığımın mənası Qarabağ oldu, belə yaşadıq.

- Şeir yazsanız da, sonra taleyiniz başqa cür oldu...

- Gəncliyimdə gözəl lirik şeirlər yazardım, yazar idim. 18 yaşım olanda çox gözəl şeirlərim vardı. Keçən əsrin 80-ci illərində məni yaxşı qələm sahibi kimi tanıyırdılar. Qarabağ faciəsi taleyimi dəyişdi, vətəndaş cəmiyyəti nümayəndəsinə çevrildim. Amma bununla belə, şeir içimdə körüklənirdi. Qələmi yüz faiz kənara qoymamışam.

- Bəs nə vaxtdan yazıya könül versiniz? Nədən təsirləndiniz?

- O vaxtdan danışacağam ki, artıq tarixə qovuşub. Azərbaycan mətbuat tarixində özünün xüsusi yeri olan “Araz” qəzeti var idi. Baxmayaraq ki, bölgədə nəşr olunurdu, amma respublika miqyasında maraqla qarşılanan qəzeti idi.

- Səhv etmiriksə, “Araz” qəzeti Füzulidə nəşr olunurdu.

- Bəli. 15-16 yaşımdan həm şeirlərim, həm də publisistik yazılarım həmin qəzetdə çap olunmağa başladı. Sonra yazılarım ölkə mətbuatına çıxdı. “Ədəbiyyat və İncəsənət”də, “Gənclər”də, digər qəzet və dərgilərdə çap oldu. Əsgərliyə getdim, sonra da Moskva həyatı başladı.

- Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində oxumusunuz. Sizi Moskvaya kim göndərdi? Kimlər zəmanət verdi?

- Fikrət Qoca və Elçin Əfəndiyev mənə zəmanət verdilər. M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil aldım, orada müəllimlərimiz Sovet ədəbiyyatında çox böyük nüfuzu olan insanlar idilər. Aleksandr Mixailov, Yevgeni Dolmatevski və başqaları bizim seminarlarımızı aparırdılar. Yəni bizim təhsil ocağı zamanına görə kifayət qədər tanınmış və dünya ədəbiyyatında azdan-çoxdan yer tutan insanların olduğu bir mühit idi.

- Sizə Moskva təhsili nə verdi?

- Moskvaya gedənə qədər qazandığımı qazanmışdım. Orta məktəbi bitirən zaman mindən çox kitab almışdım və hamısını da oxumuşdum, Füzulidə ata evimdə idi o kitablar. O kitabların taleyi yadıma düşdükcə başımdan tüstü çıxır. İşğal dövründə kitablar da başqa şeylərimiz kimi orada qaldı, hamısı dağıldı, yandı kül oldu.

Amma Moskvanın mənim dünyagörüşümün formalaşmasında, yeni əlaqələrin qurulmasında özünəməxsus rolu olur. Bu günkü nailiyyətlərimin yarıdan çoxunda həm də elə Moskvada aldığım təhsilə, o mühitə borcluyam.

Bizim təhsil aldığımız instituta dünyanın hər yanından tələbə gəlirdi, hər il 50-60 nəfər tələbə qəbul olunurdu. Çox prestejli bir institut idi.

- Xaricdən gəlib oxuyan tələbələrlə dostluq edirdinizmi?

- Bəli. Onların bir çoxu ilə bu gün də əlaqələrimiz var. Qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondunu o dostların bir çoxunun dəstəyi ilə yaratdıq. 1992-ci ilin iyun ayının 22-də Azərbaycanın Moskvadakı Nümayəndəliyində 20-yə yaxın insan toplaşdıq və onların bir çoxu tələbə yoldaşlarım idi. Biz o vaxt bu təşkilatı yaratdıq ki, münaqişə bölgələrinə, konflikt zonalarına jurnalistlərin səfərləri təşkil olunsun və həmin bölgələrdən obyektiv informasiya yayılsın. O dövrdə post-Sovet məkanın hər yerində dezinformasiya hökm sürürdü, o cümlədən də Qarabağla bağlı baş verən hadisələrin hamısı ölkə içində və dünyada yanlış şəkildə yayımlanırdı. Bunun aradan qaldırılması üçün biz düşündük ki, bir vətəndaş cəmiyyəti qurumu yaradaq və bu məsələdə dəstək olaq.

- Dostlarınız çoxdumu?

- Dünyanın dörd bir yanında çoxlu dostlarım var. Çoxsaylı tədbirlərdə görüşdüyüm insanlarla ünsiyyətim olub. Düşüncəmdə bir nöqtə olub ki, mən bu insanı Azərbaycana necə qazandıra bilərəm? Bu mənim sevdam olub. Özüm və ailəm haqqında düşünməmişəm, Azərbaycanı düşünmüşəm. Ölkəmizə qazandırdığım çoxsaylı insanların da Azərbaycan üçün böyük faydası olub. Birinci Qarabağ müharibəsi dövründə 100-dən çox jurnalistin Qarabağ bölgəsinə səfərini təşkil etmişəm və onların hamısı da Azərbaycanın həqiqətlərini ölkəmizdən kənarda işıqlandırıblar...

- İndiyə qədər aldığınız ən yaddaqalan mükafatınız nə olub?

- Ölkənin tanınmış ziyalılarının barəmdə fikirlərini eşidirəm, mən bundan böyük mükafat təsəvvür etmirəm. Mənim üçün ən böyük mükafat insanların rəğbətini, sevgisini qazanmaqdır.

Vaxtilə cənab Prezidentin Sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı almışam, Cumhuriyyətimizin 100 illiyi medalının sahibiyəm. Bu yaxınlarda Azərbaycan milli mətbuatının 150 illik yubileyi medalı ilə təltif olunmuşam. Gördüyüm işləri mükafat təmənnası ilə görməmişəm. Yəni qarşılıq gözləməmişik.

Əlbəttə, mükafatın olması yaxşıdır, amma heç vaxt onun haqqında düşünməmişəm, onun üçün çalışmamışam. Mən dövlətim üçün etdiklərimi candan-könüldən etmişəm, mükafat üçün etməmişəm.

- Ailə sizin üçün nədir? Bu qədər işin içində ailənizə vaxt ayıra bilirsizmi?

- Mənim gördüyüm işlərin bəlkə də yarıdan çoxu ailəmin hesabına olub. Desəm ki, ailəmə böyük zaman ayırmışam, düzgün olmazdı. Bu mənim ən yaralı yerim, ən ağrılı tərəfimdir ki, ailəmə, övladlarıma diqqət, zaman ayırmağa elə də böyük imkanlarım olmayıb. Ailəmdə mənimlə eyni savaşda, eyni səngərdə olub. İki qızım, bir oğlum var. Qızımın biri “Əl-Cəzirə” televiziyasında işləyir. Baxmayaraq ki, oğlum Amerikada təhsil alan, iki diplomla qayıdan müdavimlərdən biridir, amma o, mənim yanımda işləyir, indi də gördüyümüz işlərdə mənə dəstək olur.

İradə SARIYEVA

Избранный
58
50
baki-xeber.com

10Источники