İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə mənfəət və gəlir vergisi güzəştlərinin tətbiqi tarixi ilə bağlı sorğular daxil olur. Bununla əlaqədar, Vergi Məcəlləsinin 102.1.21-ci və 106.1.13-cü maddələrinə əsasən, qeyd olunan güzəştin hansı tarixdən tətbiq edilməsi ilə bağlı ətraflı izahatın verilməsi zərurəti yaranıb.
Sənaye və texnologiyalar parkının rezidentlərinə vergi güzəşti onların rezident kimi burada göstərdiyi fəaliyyət, texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi üzrə əldə etdiyi gəlirlərə münasibətdə tətbiq olunur. Bu güzəşt vergi ödəyicisinin sənaye və texnologiyalar parkının rezidentliyini əldə etdiyi tarixədək olan fəaliyyətini əhatə etmir.
Sənaye və texnologiyalar parklarının rezidentlərinə mənfəət və gəlir vergisi üzrə güzəştlər vergi ödəyicisinin sənaye və texnologiyalar parkının rezidenti olduğu tarixdən güzəşt dövrünün sonunadək tətbiq edilir. Vergi ödəyicisinin hesabat ilinin əvvəlindən sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixədək, eləcə də vergi güzəştinin tətbiq olunduğu dövrün başa çatdığı vaxtdan həmin hesabat ilinin sonunadək əldə etdiyi gəlirlər ümumi qaydada vergiyə cəlb olunur.
Sənaye və texnologiyalar parklarının rezidentlərinin buradakı fəaliyyətdən əldə etdikləri gəlir qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə gəlir və mənfəət vergisindən azaddır. Bu güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsini həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin bu fəaliyyətdən əldə olunan gəlirə münasibətdə də tətbiq edilir. Güzəştlərdən yararlanmaq üçün qanunvericiliyin tələblərindən biri vergi ödəyicisinin sənaye və texnologiyalar parkının rezidenti olması, digəri isə sənaye və texnologiyalar parkındakı fəaliyyətdən gəlir əldə etməsidir.
Vergi ödəyicisinin sənaye və texnologiyalar parkında fəaliyyət göstərməsi onun burada qeydiyyata alınması və qeydiyyat şəhadətnaməsini əldə etməsi ilə mümkün olur. Rezidentlik statusu olmayan şəxslərin həyata keçirdikləri fəaliyyət isə sənaye və texnologiyalar parkında fəaliyyət sayılmır.