RU

Azərbaycanda söz və fikir azadlığı: Bakı dünyəvi çağırışlara cavab verir

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Söz azadlığı bəşəriyyət üçün ən böyük dəyərlərdən hesab olunur. İnsanların azad mühitdə yaşaması və düşüncələrini sərbəst ifadə edə bilməsi cəmiyyətin tərəqqisi üçün əvəzsiz amildir. Fikir, söz və informasiya azadlığının təmin olunması, sərbəst düşüncənin ifadəsi üçün hüquqi zəmanətlərin mövcudluğu həm kütləvi informasiya vasitələrinin, həm də müasir informasiya cəmiyyətinin əsas məqsəd və prinsiplərini təşkil edir. Bu amillər eyni zamanda ölkədə demokratiyanın inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən sayılır. İnsan hüquqlarının ayrılmaz tərkib hissəsi olan fikir və ifadə azadlığının qorunması demokratik institutların nə dərəcədə səmərəli fəaliyyət göstərdiyini aydın şəkildə əks etdirir.

Azad medianın mövcudluğu və insan hüquq və azadlıqlarının müdafiəsi demokratik idarəetmə mexanizmlərinin formalaşmasının əsas şərtlərindən biridir. Azadlıq anlayışı bəşəriyyətin əsrlər boyu can atdığı, uğrunda mübarizə apardığı ali dəyərdir. Qəzetlər, jurnallar, televiziya və radio kanalları, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri cəmiyyətin ictimai-siyasi həyatına ciddi təsir göstərən, onun inkişaf istiqamətlərini müəyyən edən mühüm institutlardır. Media ictimai rəyin formalaşmasına, vətəndaşların dövlətə etimadının möhkəmlənməsinə və sosial fəallığın artmasına təsir göstərməklə yanaşı, bu prosesləri istiqamətləndirmək imkanına da malikdir. Məhz bu səbəbdən kütləvi informasiya vasitələri “dördüncü hakimiyyət” kimi dəyərləndirilir və demokratiyanın, informasiya azadlığının əsas təminatçılarından biri hesab olunur.

Azərbaycanda söz və mətbuat azadlığının formalaşması və təmin edilməsi bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu reallıq danılmazdır. Onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkədə müstəqil medianın inkişafı üçün əlverişli mühit yaradılmış, söz və informasiya azadlığının təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə bu sahədə möhkəm hüquqi bazanın yaradılmasına xüsusi önəm vermiş və konkret addımlar atmışdır. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos və idarəolunmazlıq şəraitində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən Ulu öndər, eyni zamanda dövlət quruculuğu ilə paralel olaraq azad fikir, söz azadlığı və insan hüquqlarının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirmib. Atılan bu addımlar qısa müddət ərzində öz müsbət nəticələrini verib.

Fikir, söz və informasiya azadlığının, eləcə də plüralizmin möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqətdə saxladığı əsas istiqamətlərdəndir. Ümummilli lider Heydər Əliyevin ölkədə əsasını qoyduğu söz və mətbuat azadlığının təmin olunması siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Dövlət başçısı fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu sahəyə xüsusi həssaslıqla yanaşmışdır.

Bəs KİV-də mövcud olan rəngarəngliyi, eləcə də Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində görülən işləri necə qiymətləndirmək olar? Bu sahədə daha hansı addımların atılmasına ehtiyac var?

Globalinfo.az-a danışan media eksperti Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda fikir və söz azadlığı Konstitusiya ilə təsbit edilib və qanunvericiliklə qorunur:

“Bu hüquqlara uyğun olaraq ölkədə media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Hazırda çoxsaylı media qurumları və jurnalistlər sərbəst şəkildə fəaliyyət göstərir. Paralel olaraq alternativ informasiya mənbələrinin və insanların fikir mübadiləsi apara biləcəyi platformaların fəaliyyəti üçün də lazımi imkanlar mövcuddur. Bu baxımdan sosial şəbəkələrin rolunu xüsusi qeyd etmək olar. Dünyada mövcud olan və qanunvericiliyin tələblərinə əməl edən bütün sosial şəbəkə platformaları Azərbaycanda sərbəst fəaliyyət göstərir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda insanların alternativ informasiya mənbələrinə çıxışı və həmin platformaların fəaliyyəti üçün zəruri şərait təmin olunub. Bu gün Azərbaycan informasiya məkanının demokratik prinsiplərə uyğun şəkildə fəaliyyət göstərdiyini müşahidə edirik. İnsanların informasiya almaq və yaymaq azadlığı mövcuddur”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
5
globalinfo.az

10Источники