Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Lənkəran, 30 yanvar, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ölkədə elan olunan “Şəhərsalma və Memarlıq” İli çərçivəsində “Smart City” yanaşmalarının tətbiqinə başlanılıb. Bu istiqamətdə görülən işlər regionda müasir şəhər mühitinin formalaşdırılmasına, innovativ texnologiyalardan istifadənin təşviqinə və ictimai məkanların funksionallığının artırılmasına xidmət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə Lənkəran, Astara və Lerik şəhərlərində “ağıllı” texnologiyaların şəhər mühitində tətbiqi istiqamətində ardıcıl və praktiki işlər həyata keçirilir. Bu proses zamanı dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələrinin texniki dəstəyi də təmin olunub. Həyata keçirilən işlər dövlət–özəl sektor əməkdaşlığının real və tətbiq olunan nümunəsi kimi dəyərləndirilir.
Görülən işlər çərçivəsində mobil telefonlar üçün Günəş enerjisi ilə çalışan cərəyan stansiyası hazırlanıb. Stansiya alternativ enerji mənbəyi hesab olunan Günəş panelləri vasitəsilə fəaliyyət göstərir, eyni zamanda, akkumulyatorlar və gecə işıqlandırma sistemi ilə təchiz edilib. Bu isə qurğunun həm gündüz, həm də gecə saatlarında fasiləsiz istifadəsinə imkan yaradır.
Sözügedən qurğu Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində, tədris prosesində əldə olunan bilik və bacarıqlar əsasında, özəl sektorun texniki dəstəyi ilə hazırlanıb. Mütəxəssislərin fikrincə, bu cür yanaşma peşə təhsilinin praktik yönümlü inkişafına, tələbələrin real iş mühitinə uyğun bacarıqlar qazanmasına mühüm töhfə verir.
Məlumata görə, cərəyan stansiyası Lənkəran Şəhər İcra Hakimiyyətinin razılığı əsasında Lənkəran şəhəri Heydər Əliyev adına mərkəzi meydanda quraşdırılacaq. Qurğunun quraşdırılmasından sonra vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bu isə şəhər sakinləri və qonaqlar üçün ictimai məkanda rahatlıq və əlavə imkanlar yaradacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.