Azərbaycanda artan xarici maliyyə buferlərinin manatın ABŞ dollarına qarşı 1,70 səviyyəsində qorunan məzənnə rejimi üçün riskləri əhəmiyyətli dərəcədə azaldır.
KONKRET.az xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group”dan bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin yekununda Azərbaycanın ticarət profisiti 1 mlrd. ABŞ dollarından aşağı düşüb. Neft qiymətləri üzrə daha zəif gözləntilər isə 2026-cı ildə cari hesab üzrə mənfi saldo risklərini gündəmdə saxlayır. Bununla belə, analitiklər bu risklərin manat üzərində ciddi təzyiqə çevrilmə ehtimalının xeyli azaldığını qeyd edirlər.
Hesabatda bildirilir ki, ötən il ÜDM-in 2,6%-i həcmində formalaşan gözləniləndən daha güclü konsolidə olunmuş büdcə profisiti Dövlət Neft Fondu (SOFAZ) və Mərkəzi Bankda likvid aktivlərin həcmini təxminən ÜDM-in 110%-i səviyyəsinə yüksəldib. Bu isə zərurət yarandığı halda məzənnənin müdafiəsi üçün hökumətə və pul-kredit qurumlarına geniş manevr imkanları yaradır. Eyni zamanda, Qazaxıstan tengesi və Özbəkistan somu kimi üzən regional valyutaların möhkəmlənməsi manatın regionda nisbi olaraq daha az təzyiq altında qalmasına səbəb olub.
Faiz siyasəti ilə bağlı qiymətləndirmələrdə isə ING Group nisbətən yumşaq (dovish) mənzərə formalaşdığını vurğulayır. 2025-ci ildə iqtisadi artımın 1,4% səviyyəsində zəif qalması, inflyasiyanın illik ifadədə 5,2–5,3%-ə qədər enməsi, həmçinin bank depozitlərində xarici valyutanın payının azalması gələcəkdə monetar yumşalma ehtimalını dəstəkləyən amillər kimi göstərilir.
Bununla yanaşı, analitiklər ehtiyatlı mövqenin qorunmasını vacib sayırlar. SOFAZ-ın yanacaq gəlirləri nəzərə alınmadan hesablanan konsolidə olunmuş fiskal balans ötən il artan xərclər fonunda ÜDM-in 11%-i səviyyəsinə qədər genişlənib, idxalın ixracı üstələməsi isə xarici ticarət balansının pisləşməsinə gətirib çıxarıb.
“ING Group”un proqnozuna əsasən, yaxın müddətdə monetar siyasətdə dəyişiklik gözlənilmir və Azərbaycan Mərkəzi Bankının 4 fevral tarixli iclasında uçot dərəcəsini 6,75% səviyyəsində dəyişməz saxlaması ehtimalı yüksəkdir. Faiz endirimi yalnız davamlı dezinflyasiya və fiskal intizamın möhkəmlənməsi fonunda mümkün hesab olunur.\\apa