ABŞ-də federal hökumət Senatın büdcə paketini qəbul etməsinə baxmayaraq, Nümayəndələr Palatasının hələ səsvermə keçirməməsi səbəbindən qismən bağlanıb (şatdaun).
"Cebheinfo.az" xəbər verir ki, ölkədə federal qurumların böyük hissəsini 30 yanvar yerli vaxtla gecə yarısına qədər maliyyələşdirən müvəqqəti büdcənin müddəti başa çatıb.
Senat tərəfindən təsdiqlənmiş büdcə paketinin qanuniləşmə prosesi isə tamamlanmayıb.
Müdafiə, Nəqliyyat, Mənzil və Şəhərsalma, Səhiyyə və İnsan Xidmətləri, Əmək və Təhsil nazirliklərini sentyabr ayına qədər maliyyələşdirəcək qanun layihələri, eləcə də Daxili Təhlükəsizlik Nazirliyi üçün iki həftəlik müvəqqəti büdcə nəzərdə tutan paket Senatdan keçsə də, Nümayəndələr Palatasının həftəsonu toplanmaması federal hökumətin qismən bağlanmasına səbəb olub.
Senatda keçirilən səsvermədə sözügedən büdcə paketi 29 səsə qarşı 71 səslə qəbul edilib. Qanun layihələri üzərində edilən dəyişikliklərə görə büdcə paketi yenidən Nümayəndələr Palatasına göndərilib.
Büdcə paketinin qanun qüvvəsi alması üçün Nümayəndələr Palatasının təsdiqi və ABŞ Prezidenti Donald Trampın imzası tələb olunur. Federal qurumların böyük hissəsi üçün xərcləmə səlahiyyəti yerli vaxtla gecə yarısı etibarilə başa çatıb.
Nümayəndələr Palatasının bazar ertəsi büdcə paketini müzakirə etməsindən sonra layihənin Trampın imzasına təqdim ediləcəyi və qismən bağlanmanın qısa müddətdə sona çatacağı gözlənilir.
Qısa müddətli olacağı proqnozlaşdırılan bu bağlanmanın federal xidmətlərin böyük hissəsində ciddi gecikmələrə səbəb olacağı gözlənilmir.