RU

Duşan Vlahoviç “Yuventus”un düşərgəsinə qayıtdı – ARENA.AZ

Futbol üzrə Serbiya milli komandasının və “Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun düşərgəsinə qayıdıb.

Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı futbolçu ötən ilin dekabrında Londonda sol ayaq əzələsindən əməliyyat olunmuşdu. O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib. Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.

Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.

Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
9
arena.az

10Источники