RU

Parkinqdə qəza: Zərəri kim ödəməlidir? – Bunları MÜTLƏQ BİLMƏLİSİNİZ

Bakıda və digər iri şəhərlərdə parkinq ərazilərində baş verən yol-nəqliyyat hadisələri son illər daha çox mübahisəli məhkəmə çəkişmələrinə səbəb olur.

Xüsusilə avtomobilin qanuni şəkildə saxlandığı yerdə başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulması, üstəlik hadisəni törədən şəxsin sürücülük vəsiqəsinin olmaması və avtomobil sahibinin məsuliyyətdən yayınmağa çalışması zərərçəkmiş tərəfin hüquqlarının necə qorunacağı ilə bağlı suallar yaradır. Belə hallarda vətəndaşların əksəriyyəti hansı sənədləri toplamalı olduqlarını, kimlərə qarşı iddia qaldıra biləcəklərini və məhkəmə prosesinin maliyyə yükünün nə qədər olacağını dəqiq bilmirlər.

Natiq Ələsgərov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, belə vəziyyətlərdə əsas məsələ hadisənin rəsmi qaydada sənədləşdirilməsi və hüquqi məsuliyyətin düzgün müəyyən olunmasıdır:

“Əgər avtomobil parkinqdə qanuni şəkildə saxlanılıbsa və hərəkətsiz vəziyyətdə olubsa, bu halda zərərçəkmiş tərəfin günahı demək olar ki, yoxdur və məsuliyyət tam şəkildə hadisəni törədən sürücü və avtomobil sahibinin üzərinə düşür. Məhkəməyə müraciət edərkən təkcə iddia ərizəsi kifayət etmir.

Zərərçəkmiş şəxs bu sənədləri də toplamalıdır: yol-nəqliyyat hadisəsi ilə bağlı DYP tərəfindən tərtib edilmiş protokol, hadisə yerinin sxemi və fotoşəkilləri, şahidlərin izahatları varsa onların yazılı ifadələri, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə müstəqil ekspert rəyi, avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti və təmir xərclərini təsdiq edən sənədlər.

Qeyd edilən sənədlər məhkəmədə zərərin real məbləğinin sübut olunması üçün əsas rol oynayır”.

Ələsgərovun sözlərinə görə, sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi artıq qanun pozuntusudur və bu, onun məsuliyyətini ağırlaşdırır:

“Eyni zamanda, avtomobili bu şəxsə verən sahib də hüquqi məsuliyyət daşıyır. Çünki qanunvericiliyə əsasən, sürücülük hüququ olmayan şəxsə avtomobil vermək inzibati və bəzi hallarda mülki məsuliyyət yaradır. Bu səbəbdən zərərçəkmiş tərəf eyni iddia ərizəsi ilə həm sürücüyə, həm də avtomobil sahibinə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu, tamamilə qanunidir və praktikada geniş tətbiq olunur.

Avtomobil sahibinin “maşın qaçırılıb” iddiası yalnız rəsmi qaydada polisə vaxtında müraciət edilib, oğurluq faktı üzrə cinayət işi başlanılıb və bunun sübutları varsa qəbul edilə bilər.

Əgər hadisədən sonra belə müraciət edilməyibsə, sürücünün kimliyi məlumdursa və avtomobil sahibi onu tanıyırsa, məhkəmə bu arqumenti əsaslı hesab etmir. Belə hallarda məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilir”.

Hüquqşünas qeyd edib ki, DYP tərəfindən protokolun tərtib edilməsi və sürücünün izahatının alınması zərərçəkmiş üçün mühüm üstünlükdür:

“Bu sənədlər artıq hadisənin baş verdiyini və günahkar tərəfin müəyyən edildiyini göstərir. Məhkəmədə bu materiallar əsas sübut kimi istifadə olunur və iddianın təmin olunma ehtimalını artırır.

Məhkəmə xərclərinə gəlincə, mülki iddia ərizəsi verilərkən dövlət rüsumu ödənilir. Bu məbləğ adətən tələb olunan kompensasiyanın müəyyən faizi həcmində olur və çox yüksək olmur.

Məsələn, orta məbləğli ziyan iddialarında bu rüsum onlarla və ya yüzlərlə manat civarında ola bilər. Əgər vəkil tutulursa, əlavə olaraq vəkil haqqı da nəzərə alınmalıdır. Lakin vəkil olmadan da vətəndaş özü məhkəməyə müraciət edə bilər. Prosesin müddəti isə işin mürəkkəbliyindən asılıdır. Sadə yol-nəqliyyat hadisələri üzrə mülki işlər adətən bir neçə ay ərzində yekunlaşır. Məhkəmə qərarından sonra təqsirkar tərəf könüllü şəkildə pulu ödəməzsə, icra məmurları vasitəsilə məcburi icra prosesi başlanır. Bu halda vəsaitin alınması bir neçə ay da çəkə bilər”.

Tunar

Избранный
52
4
nocomment.az

10Источники