Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 faiz artım, kəmiyyət baxımından isə beş faiz azalma deməkdir. Təkcə sarıkök deyil, bir sıra digər ədviyyatlar üzrə də bazar əsasən idxal hesabına formalaşır. Bəs Azərbaycan niyə ədviyyat baxımından idxaldan asılıdır? Ölkədə ən çox hansı ədviyyatlara ehtiyac var və bu tələbat hansı məhsullarda daha çox cəmlənir? Yerli istehsalın payı niyə hələ də məhduddur və ədviyyat bazarının əsas problemləri nələrdir?
Ən çox satılan ədviyyatlar
“Nid” ədviyyat şirkətinin satış müdiri İqbal Yasərlinin sözlərinə görə, Azərbaycanda ən çox satılan ədviyyatlar sarıkök, istiot və sumaqdır: “Bunlar ənənəvi ədviyyatlar hesab olunur. Bayram dövrlərində isə zirinc, zirə, razyana və hilə tələbat artır. Son illər xarici mətbəxlərdə istifadə olunan ədviyyatlara da maraq yüksəlib. Məsələn, kimyon, ugindi, kətan və çia toxumu kimi məhsullar daha çox istifadə olunur. Halbuki 3-5 il əvvəl bu ədviyyatlar istehlakçılar üçün o qədər də maraqlı deyildi. Hazırda ən çox istifadə olunan ədviyyatlar sırasında darçın, sumaq, sarıkök, istiot, nanə, reyhan, kəklikotu və mixək yer alır”.
İ.Yasərlinin fikrincə, istiot, sarıkök və zəncəfil xarici bazar məhsullarıdır, çünki bu bitkilər Azərbaycanda yetişmir və iqlim buna imkan vermir: “Yerli istehsal əsasən dağ sumağı, dağ kəklikotusu və nanə ilə məhdudlaşır. İstiot Çindən və Vyetnamdan gətirilir. Keyfiyyət baxımından Vyetnam mənşəli istiot daha üstün hesab olunur. Sarıkökdə isə Hindistandan gətirilən məhsullar daha keyfiyyətli sayılır”.
