RU

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya üzrə İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə 1987-ci ildən 2025-ci ilin sonunadək 11 min 554 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Onların 70 faizi kişilər, 30 faizi isə qadınlardır. Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meyilli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva deyib.

O bildirib ki, İİV-ə qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir: “Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda 10 mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur. Belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir. Profilaktika həm fərdi, həm də ictimai səhiyyə baxımından olduqca mühümdür. Əsas istiqamətlərdən biri təhlükəsiz davranışların təşviqidir. Qoruyucu vasitələrdən, düzgün və davamlı istifadə, riskli davranışlardan çəkinmək və sağlam həyat tərzinə riayət İİV-dən qorunmanın ən effektiv üsullarındandır. Gənclər və yeniyetmələr arasında maarifləndirmə proqramlarının gücləndirilməsi, onlar arsında İİV/QİÇS barədə məlumatlılığın artırılması İİV-ə yoluxma riskinin azaldılmasında mühüm rol oynayır. Həmin məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hər təhsil ili ərzində Bakı və regionlarda təşkil olunmaqla, 100-dən artıq orta, orta ixtisas və ali təhsil müəssisələrində müəllim-şagird heyəti üçün təlimlər təşkil edilir, maarifləndirici buklet, çap vəsaitləri paylanılır. Həmçinin gənclər arasında keçirilən tədbirlərdə müayinə aksiyaları da təşkil olunur”.

Избранный
99
14
azertag.az

10Источники