Səttar Möhbalıyev: Prezident İlham Əliyevin enerji ilə bağlı mövqeyi prinsipial və ideoloji cəhətdən aydın səsləndi
Fevralın 9-da cənab Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının geniş tərkibli nümayəndə heyətini qəbul etməsi, mahiyyət etibarilə, Azərbaycan–ABŞ münasibətlərinin təkcə diplomatik deyil, real iqtisadi və texnoloji müstəviyə keçdiyini nümayiş etdirdi. Görüşün tərkibi, səsləndirilən mesajlar və irəli sürülən konkret perspektivlər göstərdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər artıq klassik enerji əməkdaşlığı çərçivəsindən çıxaraq rəqəmsal transformasiya, süni intellekt, logistika və qlobal enerji təhlükəsizliyi kimi sahələrdə strateji dərinlik qazanır. .”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, ABŞ Ticarət Palatasının nümayəndə heyətində “Apple”, “Meta”, “Visa”, “Mastercard”, “ExxonMobil”, “bp”, “Boeing”, “Honeywell”, “J.P.Morgan”, “Shell”, “Ericsson”, “Motorola Solutions” kimi qlobal nəhənglərin təmsil olunması təsadüfi deyil. Bu siyahı bir daha sübut edir ki, Azərbaycan artıq regional bazar kimi deyil, qlobal layihələr üçün platforma kimi qəbul edilir. Bu, həm də onu göstərir ki, Vaşinqtonun biznes dairələri Azərbaycanı yalnız enerji təchizatçısı deyil, qovşaq ölkə, təhlükəsiz investisiya məkanı və texnoloji tərəfdaş kimi dəyərləndirir. Bu nadir haldır ki, siyasi münasibətlər iqtisadiyyatı üstələyir. Kuş Çoksinin “burada qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir” fikri xüsusi diqqətə layiqdir. Bu, beynəlxalq münasibətlərdə nadir müşahidə olunan haldır. Adətən biznes siyasəti qabaqlayır. Azərbaycan nümunəsində isə etimad, siyasi dialoq və strateji baxış iqtisadi proseslərə yol açır. Bu etimadın təməlində cənab Prezident İlham Əliyevin vurğuladığı əsas prinsip dayanır. Sabitlik, hüquqi öhdəliklərə sədaqət və uzunmüddətli proqnozlaşdırmalar. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri ABŞ-la imzalanmış və imzalanması planlaşdırılan Strateji Tərəfdaşlıq Xartiyası oldu. Bu sənəd klassik diplomatik bəyanat deyil, konkret sahələr üzrə yol xəritəsidir. Ticarət və investisiyalar, enerji təhlükəsizliyi, süni intellekt və rəqəmsal transformasiya, müdafiə sənayesi və data mərkəzləri və texnoloji infrastruktur. Bu, Azərbaycanın ABŞ-la münasibətlərdə artıq strateji planlaşdırma mərhələsinə keçdiyini göstərir. Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin enerji ilə bağlı mövqeyi bu görüşdə xüsusilə prinsipial və ideoloji cəhətdən aydın səsləndi. O, bir daha vurğuladı ki, dünya qazıntı yanacaqları olmadan yaşaya bilməz, enerji resurslarına malik olmaq günah deyil, əsas məsələ bu gəlirlərin necə istifadə olunmasıdır. Azərbaycan nümunəsi burada açıqdır. Neft və qaz gəlirləri bərpaolunan enerji, yaşıl keçid, sosial rifah və qeyri-neft sektorunun inkişafı üçün alətə çevrilib. 2032-ci ilə qədər əlavə 7–8 giqavat günəş və külək enerjisi istehsalı planları, Azərbaycanı regionda yaşıl enerji ixracatçısına çevirmə potensialı yaradır. Görüşün ən strateji məqamlarından biri Azərbaycanın qlobal süni intellekt və məlumat mərkəzləri qovşağına çevrilmək hədəfinin açıq şəkildə bəyan edilməsi oldu. Burada üç əsas üstünlük önə çıxır. Coğrafi mövqe – Avropa ilə Asiya arasında körpü, enerji bolluğu – sabit və ucuz elektrik və infrastruktur təcrübəsi – boru kəmərləri, kabel xətləri, logistika. Bu amillər ABŞ texnoloji şirkətləri üçün Azərbaycanı təhlükəsiz və səmərəli platformaya çevirir. Cənab Prezidentin vurğuladığı nəqliyyat layihələri – limanların genişləndirilməsi, dəmir yolları, Orta Dəhliz, hava yükdaşımaları – Azərbaycanın artıq regionları birləşdirən əsas oyunçu statusunu möhkəmləndirdiyini göstərir. “Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq” tezisi bu kontekstdə təkcə siyasi bəyanat deyil, iqtisadi fəlsəfədir. 350 milyard dollarlıq sərmayə həcmi, aşağı xarici borc (ÜDM-in 6,1 faizi), yoxsulluğun 5 faiz ətrafında olması, müsbət kredit reytinqləri – bütün bunlar Azərbaycan modelinin dayanıqlı inkişaf üzərində qurulduğunu sübut edir. Ən önəmlisi isə budur ki, iqtisadi artım sosial rifahla paralel gedir. Bu görüş göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri artıq niyyətlər mərhələsindən praktiki layihələr mərhələsinə keçir. Cənab Prezident İlham Əliyevin mesajı aydındır: Azərbaycan açıqdır, hazırdır və uzunmüddətli tərəfdaşlığa sadiqdir. ABŞ Ticarət Palatasının bu səfəri isə böyük ehtimalla yaxın illərdə konkret investisiya qərarlarının, texnoloji layihələrin və strateji əməkdaşlıqların başlanğıc nöqtəsi kimi tarixə düşəcək-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.