RU

Azərbaycanı Rusiyanın vilayətinə çevirmək istəyənlər - Qənimət Zahidin etirafı ETALLAT-la əlaqələri yada salır

Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks tədbirləri nəticəsində Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digərlərinin dövlət quruluşunu zorla dəyişdirməyə yönəlmiş fəaliyyətinə dair əsaslı şübhələr ortaya çıxıb. Araşdırmalar zamanı faktlarla məlum olub ki, Ramiz Mehdiyev və komandası dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.Acınacaqlı vəziyyət isə odur ki, bu şəxslər xarici faktoru prosesə cəlb etməklə vəziyyəti daha da ciddiləşdirmiş və nəticədə sübutlarla ortaya qoyulan əməlləri ilə vəziyyətlərini daha da ağırlaşdırıblar. Onların tutduqları əməl bir başa ölkənin müstəqilliyinə qarşı ciddi təhdiddir. Ramiz Mehdiyevin rus agenti ilə yayılan səs yazısı onun əməllərinin açıq şəkildə xarici düşmən maraqlarına xidmət etdiyini göstərdi. Özünü uzun illər xalq içində dövlətini qoruyan kimi göstərən, iç üzünü gizlədərək vətənə xəyanət edən R. Mehdiyev bütün vasitələrdən istifadə edərək ölkəni sarsıtmağa çalışıb. Dəhşətli haldır ki, hətta radikal müxalifətlə əlbir olub, mənəvi və əxlaqi dəyərlərimizi də sıradan çıxarmaq üçün xaricdən maliyyələşdirilən xüsusi söyüş müxalifəti yaradıb. “Boz kardinal” və onunla birlikdə “oyunbazlıq” edən komandası heçmi anlamadı ki, hakimiyyət şəxsi istəklərin təmin olunduğu kreslo deyil. O, xalqın iradəsi ilə formalaşan məsuliyyətdir. Axı, zor, təxribat və gizli oyunlarla hakimiyyəti ələ almağa cəhd etmək liderlik yox, “ burunlu-qulaqlı” xainlikdir! Bu xainlər 44 günlük Vətən müharibəsi ərəfəsində də ictimai rəyin manipulyasiyasına cəhd edərək Azərbaycanın zərbə alacağı və uduzacağı fikrini yaymağa çalışıblar. Ramiz Mehdiyev həmin ərəfədə də müxalifəti aktiv fəaliyyətə sövq edib və ölkəni daxili gərginlikdə saxlamağa çalışıb. Rəsmi məlumatlara görə, o, Əli Kərimliyə öz dəstələri ilə AzTV və Milli Məclisin binalarına soxulmağı tapşırıb. Yəqin ki, planlarında AzTV-nin enerji blokunu partlatmaq da eyni ilə 1990-cı ildə sovet əsgərlərinin nümayiş etdirdiyi vəhşilik kimi… Belə bir atalar sözü var: “Zorla gözəllik olmaz”. Diqqətlə nəzər yetirilərsə, bu, sadə söz deyil, sərt həqiqətdir. Xalqın iradəsi güc yolu ilə susdurula bilməz. Ramiz Mehdiyev və “əlaltıları” hakimiyyəti sanki satılıb-alınan bir mülk hesab ediblər. Halbuki hakimiyyət nə qənimətdir, nə də zorla ələ keçiriləcək obyekt. Hakimiyyət yalnız seçki, qanun və ictimai etimad əsasında formalaşır. Zor və avantürist iddialar isə ölkəni xaosa sürükləyir, cəmiyyəti parçalayır və sabitliyi dağıdır. Bunun ən ağır bədəlini isə hər zaman xalq ödəyir. Tarix dəfələrlə sübut edib ki, zorakılıqla əldə edilən “uğur” əslində məğlubiyyətin başlanğıcıdır. Bax, artıq yolun sonudur. Hər bir addımları açıq şəkildə ifşa olundu və xainlərin hər biri qanun qarşısında cavab verəcək. Zor tətbiq edən, qanunu tapdalayan, sabitliyi pozmağa çalışan, güc nümayişi ilə taxt qurmaq istəyənlər bilməlidir: O taxtın altı həmişə boş olur. Dövlətin təhlükəsizliyini riskə atmaq, cəmiyyətdə qarşıdurma yaratmaq və xaos toxumu səpmək heç vaxt “siyasi mübarizə” adlana bilməz. Bu yerdə Fransaya sığınmış və çevriliş çetesinin üzvlərindən olan qənimət Zahidin xarici agentlə telefon danışığında dedikləri də yada düşür. Əvvəlcə bu adamın çevrilişə cəhd cinayəti üzrə rəsmi ittihamnaməsinə diqqət edək: Qənimət Zayıdov (Qənimət Zahid) 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – (“putin natosu”- red) tam üzv olacağı barədə razılaşmışlar. Əlbəttə, Qənimət Zahid və onun kimilər öz maraqları naminə istənilən terror təşkilatı ilə də sövdələşməyə gedərlər. Qənimət Zahidin özü də etiraf edir ki, belə bir danışığı olub və bunu öz çürümüş məntiqi ilə normal hal hesab edib. Guya ki, İlham Əliyevə müxalifətdə olan birinin onu devirmək üçün planlar qurması, danışıqlar aparması normal haldır. Əlbəttə, siyasi müxalifətin hakimiyyətə gəlmək istəyində qeyri-adi heç nə yoxdur. Lakin Qənimət Zahid unudur ki, hakimiyyətə gəlmək naminə öz dövlətinin milli maraqlarını xarici ölkələrə qurban vermək bir halda siyasi mübarizə nümunəsi kimi qəbul oluna bilməz. Bir də ki, ötən illərdə ETALLAT-la separat əlaqələrə girməyi də normal hesab etmiş bir adamdan başqa hansı məntiqi gözləyəsən ki? Biraz da açıq yazaq: Qənimət Zahid liderlərinin göstərişi ilə xarici xüsusi xidmət orqanlarının agentinə deyir ki, İlham Əliyevi devirmək üçün bizə dəstək verin, əvəzində biz Azərbaycanı Putinin yaratdığı və hazırda ölkənin milli maraqlarına, xarici siyasətinə və ümumən strateji xəttinə zidd olan bir təşkilata üzv edək. Bu, Azərbaycanı bilavasitə Rusiyaya təhvil vermək niyyəti deyilsə, bəs nədir? Əslində Qənimət Zahid agentlə danışdığını və oradakı söhbətin doğru olduğunu etiraf etməklə Ramiz Mehdiyevin çevriliş planının əsas məqsədini açıqlamış olub: Ölkəmizi Rusiyanın vilayətlərindən birinə çevirmək! Yox, Qənimət Zahidov olmayacaq, alınmayacaq. Azərbaycanı heç vaxt sizə yem etməyəcəyik. Ona da şübhən olmasın ki, Fransada Eyfel qülləsinin başına dırmaşsan belə, səni bura mütləq gətirəcəklər. Azərbaycan sənin üçün “üç palma” restoranı deyil...Nurlana ƏhmədovaMissiya.Az

Избранный
179
20
missiya.az

10Источники