Cənubi Qafqaz regionunun təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır, buna görə də bu bölgədə sülh və sabitliyin təmin olunması bütün Avropanın birinci dərəcəli maraqlarına uyğundur.
Day.Az xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Macarıstanın Müdafiə Nazirliyindən Trend-ə bildirilib.
"Ölkəmiz sülhün əldə olunmasına yönəlmiş bütün təklif və təşəbbüsləri dəstəkləyir. Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində 2025-ci ilin avqustunda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) razılaşdırılıb və sonrakı danışıqların mümkün olması ABŞ Prezidenti Donald Trampın mühüm dəstəyi sayəsində təmin edilib", - qurumdan qeyd olunub.
Vurğulanıb ki, genişmiqyaslı Rusiya-Ukrayna münaqişəsinin başlamasından bir neçə il əvvəl Budapeşt ümumavropa təhlükəsizlik mühitinin pisləşməsi fonunda təhlükəsizlik və müdafiə məsələlərinə diqqətin artırılmasına zərurətin olduğu qənaətinə gəlib.
"Bununla əlaqədar olaraq, Macarıstan müdafiə xərclərini artırmaq barədə qərar qəbul edib və 2016-cı ildə Silahlı Qüvvələrin "Hərtərəfli Milli Müdafiə və İnkişaf Proqramı"nı işə salıb. Son 10 il ərzində ölkə maliyyələşməni əhəmiyyətli dərəcədə artıraraq, ilkin müəyyən edilmiş müddətdən bir il əvvəl - artıq 2023-cü ildə ÜDM-in 2 faizi səviyyəsinə nail olub. Bundan əlavə, Haaqa sammitində Macarıstan 2035-ci ilədək müdafiə və təhlükəsizlik xərclərinin ÜDM-in 5 faizinə çatdırılması təşəbbüsünü dəstəkləyib və bu strateji məqsədi ardıcıl şəkildə həyata keçirmək niyyətindədir.
Modernləşmə proqramı artıq təxminən on ildir icra olunduğundan, bir sıra istiqamətlər üzrə real nəticələr nümayiş etdirə bilirik. Əsasən sovet mənşəli köhnəlmiş silahlanma müasir texnika ilə fəal şəkildə əvəz olunur. Proqram Macarıstan Silahlı Qüvvələrinin bütün imkanlar spektrinin yenilənməsinə yönəlib ki, bu da yalnız milli müdafiə potensialının möhkəmləndirilməsinə deyil, həm də NATO-nun çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsinə töhfə verir. Beləliklə, Macarıstanın müdafiə planları NATO və Avropa İttifaqının tələbləri və məqsədləri ilə tam uzlaşdırılıb", - nazirlikdən bildirilib.
Macarıstan Müdafiə Nazirliyindən qeyd edilib ki, hazırkı həssas və sürətlə dəyişən təhlükəsizlik mühitində NATO-nun rolu xüsusi əhəmiyyət kəsb edir.
"İttifaq Avropa təhlükəsizliyinin təməl daşıdır. Ötən il Haaqada keçirilən sammitdə biz transatlantik əlaqələrin möhkəmliyi və Avropa müttəfiqləri ilə Kanadanın regional təhlükəsizliyin təmin olunmasında daha böyük məsuliyyət götürmək əzmi barədə aydın mesaj verdik. Avropaya ABŞ müttəfiq kimi lazımdır. Yalnız real, pozitiv və praqmatik yanaşma ABŞ-nin iştirakını qoruyub saxlamasına imkan verəcək.
Etibarlı müttəfiq kimi Macarıstan ədalətli yük bölgüsünə sadiqdir və öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli səylər göstərir", - deyə qurumdan bildirilib.
Nazirlikdə vurğulanıb ki, Aİ ilə NATO arasında əməkdaşlıq həlledici əhəmiyyət daşıyır, çünki Avro-Atlantik birliyin qorunması son dərəcə vacib olaraq qalır.
"Biz həm NATO-nun, həm də Avropa İttifaqının kompleks təhdidlər və ümumi qeyri-müəyyənliklə bağlı yeni reallıqlara uyğunlaşmasını alqışlayırıq. Bununla yanaşı, funksiyaların və paralel fəaliyyət istiqamətlərinin həddindən artıq təkrarlanmasından qaçmaq zəruridir.
Macarıstan hesab edir ki, qarşılıqlı bağlılıq beynəlxalq sabitliyin möhkəmlənməsinə xidmət edir. Avropa dövlətləri qlobal tərəfdaşlarla əməkdaşlığı fəallaşdırmalıdır. Bu qarşılıqlı fəaliyyət praqmatik və qarşılıqlı faydalı olmalıdır. Sabitliyin qorunması naminə hətta mürəkkəb tərəfdaşlar və potensial rəqiblərlə belə dialoqa açıq qalmalıyıq", - deyə nazirlikdə bildirilib.
Qurumda qeyd olunub ki, 2026-cı il mühüm siyasi və təhlükəsizlik məsələləri ilə başlayıb.
"Avropa təhlükəsizlik arxitekturasına təsir edən ciddi çağırışlar mövcuddur: beynəlxalq nizamın dəyişməsi, böyük dövlətlər arasında rəqabət və qonşuluğumuzda gedən müharibə. Kompleks 360 dərəcəlik yanaşmanın qorunması son dərəcə vacibdir. Avropanın dayanıqlılığı həm şərqdən, həm də cənubdan gələn təhdidlərin nəzərə alınmasını tələb edir. Cənubdan qaynaqlanan çağırışlar - terrorizm və qanunsuz miqrasiya kimi - təhlükəsizliyimiz üçün hələ də ciddi təhdid olaraq qalır. Bununla əlaqədar olaraq, Macarıstan regiona xüsusi diqqət yetirir. Biz xüsusilə NATO-nun cənub cinahına fokuslanmaqla, sülhməramlı əməliyyatlarda, missiyalarda və digər fəaliyyətlərdə iştirak etməklə münaqişələrin qarşısının alınmasına və sabitliyin qorunmasına sadiq qalırıq. Xüsusilə, Macarıstan Qərbi Balkanlarda sabitlik və təhlükəsizliyin təmin olunmasına tam sadiqdir", - deyə nazirlikdən bildirilib.