Tanınmış jurnalist, ”Ali Media” mükafatı laureatı, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə kömək ictimai birliyinin sədri Rüstəm Məlikovun 70 yaşı tamam olur. O, 1956-cı il 20 mart tarixində Salyan rayonunda dünyaya gəlmişdir.
Rüstəm Məlikov 50 illik zəngin əmək və fəal ictimai həyat yolu keçmişdir. Peşəkar jurnalist fəaliyyətinə Azərbaycan Televisiyası və Radio Verlişləri Şirkətinin Salyan Rayon Radio Verlişləri Redaksiyasında redaktor kimi fəaliyyətə başlayan Rüstəm müəllim sonralar rayonun “Qələbə” qəzetində müxbir, 2005-ci ildən 2025- ci ilə kimi isə baş redaktoru işləmişdir. Hazırda qəzetin missiyasını ötən il MEDİA reyestrindən qeydiyyatdan keçərək çap olunan “Ana Kürüm” qəzetinin təsisçisi və məsul redaktoru kimi fəaliyyətini davam etdirir. Qəzet müstəqil ictimai-siyasi və ekoloji maarifləndirici nəşr kimi cəmiyyətin maariflənməsinə, ekoloji düşüncənin formalaşmasına və ictimai fəallığın artırılmasına mühüm töhfələr vermədədir.
Rüstəm Məlikov 15 ildən çoxdur ki, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri kimi rayonda ekoloji maarifləndirici layihələr icra edir.
Onun Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi fəaliyyəti də təqdirə layiqdir. O, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərlə çıxış etməkdədir.
Onun dövlət və cəmiyyət qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş, Azərbaycan mediasının 150 illik yubileyi medalı ilə təltif edilmişdir. Həmçinin, Azərbaycan Mətbuat Şurası tərəfindən jurnalistika sahəsində Ali Media mükafatına layiq görülmüşdür.
Rüstəm Məlikov Salyan rayonunun tanınmış şəxsiyyətlərinin həyatından bəhs edən 4 ədəbi-publisistik kitabında müəllifidir. Müəllif Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə 2024-cü ildə Prezident təqaüdçüsü olmuşdur.
Bu günlər ədəbi-publisistik və ictimai fəaliyyətini davam etdirən Rüstəm Məlikovu həmkarları 70 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırlar.