RU

KİYEVƏ QARŞI DAHA BİR ABSURD TƏLƏB! Putin indi də buna cəhd edir....

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ukrayna BMT-nin idarəçiliyinə verilsin və…”

Cenevrə danışıqlarından əvvəl Rusiya Ukrayna ilə bağlı daha bir absurd tələb irəli sürüb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasına danışan ölkənin XİN başçısının müavini və danışıqlardakı Rusiya nümayəndə heyətinin üzvü Mixail Qaluzin Ukraynada BMT-nin himayəsi altında "xarici administrasiya" tətbiq etmək təklifini irəli sürüb. Qaluzin Moskvanın belə bir ssenarini digər ölkələrlə müzakirə etməyə hazır olduğunu bildirib.

XİN başçısının müavini TASS-a verdiyi müsahibədə deyib: "Oxşar presedentlər BMT-nin sülhməramlı fəaliyyəti çərçivəsində də baş verib. Ümumiyyətlə, Rusiya ABŞ, Avropa və digər ölkələrlə Kiyevdə müvəqqəti xarici administrasiyanın tətbiqi imkanlarını müzakirə etməyə hazırdır".

O, belə bir addımın Ukraynada "demokratik seçkilərin keçirilməsinə və tam hüquqlu sülh müqaviləsi, gələcək dövlətlərarası əməkdaşlıq haqqında qanuni sənədləri imzalaya biləcək həyat qabiliyyətli bir hökumətin yaradılmasına imkan verəcəyini” iddia edib.

ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) isə bununla bağlı yazır ki, Rusiya mövcud Zelenski hakimiyyətinin qeyri-legitim olduğu iddiasını irəli sürmək üçün Ukraynada seçkilərin keçirilməsində israr edir. Lakin Kremli bu prosesdə qane edəcək yeganə nəticə Kiyevdə Rusiyapərəst bir hökumətin qurulması olacaq.

ISW qeyd edir ki, Kremlin Qaluzinin dili ilə səsləndirdiyi Ukraynanın BMT-nin nəzarətinə verilməsi və seçkilərə BMT nəzarəti təklifi, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya özünə sərf edən nəticəyə - Kiyevdə Kremlyönlü siyasi sistemin yaradılması və Moskvaya yaxın şəxsin hakimiyyətə gətirilməsindən başqa istənilən nəticəyə veto qoymaq istəyindən irəli gəlir. Analitiklərin qeyd etdiyi kimi, Kreml Ukraynada Rusiyayönlü hökumətə gətirib çıxarmayan istənilən seçki nəticəsini rədd edəcəyinə dair siqnallar verməkdədir.

Qeyd edək ki, Vladimir Putin hələ 2025-ci ilin martında eyni təkliflə çıxış etmişdi. O iddia etmişdi ki, Ukraynada beynəlxalq müvəqqəti administrasiyanın tətbiqi müharibənin bitməsinə kömək edə bilər, çünki Rusiyanın hazırda kiminlə müqavilə bağlayacağı barədə dəqiq bir fikri yoxdur. Putin bir daha Prezident Volodimir Zelenskinin və ətrafının fəaliyyətinin qanunsuz olduğunu elan edərək qeyd etmişdi ki, "əgər o qanunsuzdursa, deməli, digərləri də qanunsuzdur".

Lakin ABŞ həmin vaxt Putinin bu təşəbbüsünü rədd etdi. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brus deyib ki, Prezident Donald Tramp bu ideyanı təsdiqləməyib, çünki Ukrayna demokratik ölkədir və onun idarəçiliyi yalnız Konstitusiya və xalq tərəfindən müəyyən edilir. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov Putinin təklifinin sadəcə "hipotetik" olduğunu bildirmişdi.

Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi bu il Əbu-Dabidə ABŞ sülh planı üzrə üçtərəfli danışıqlarda da yenidən müzakirə edilib.

2025-ci ilin dekabr ayının əvvəlində Zelenski ABŞ-nin təhlükəsizliyini təmin edəcəyi təqdirdə iki-üç ay ərzində seçkilər keçirməyə hazır olduğunu demişdi. Bu ilin fevralında isə “Financial Times” qəzeti yazıb ki, Ukraynada prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum yazda keçirilə bilər. Çünki Tramp Kiyevdən onların 15 maya qədər keçirilməsini tələb edir.

Lakin Zelenski bu məlumatı təkzib edərək qeyd etdi ki, səsvermə yalnız beynəlxalq tərəfdaşların tam təhlükəsizlik zəmanətləri şəraitində keçirilə bilər. O, həmçinin referendum üçün atəşkəsdə israr edib. Rusiya, Ukrayna və ABŞ arasında danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Rusiyanın yuxarıda qeyd edilən BMT idarəçiliyi tələbi isə Moskvanın bu danışıqlarla vaxt uzatmağa çalışdığının və real sülhə hazır olmadığının daha bir göstəricisidir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
azpolitika.info

1Источники