Ürəyim elə sürətlə döyünürdü ki, elə bilirdim, hər kəs səsini eşidir. Dərindən nəfəs alıb cəsarətimi topladım, məktubu çantamdan çıxarıb sakitcə ona uzatdım. “Mənə məktub yazmısan?” - deyib dodaqaltı gülümsündü. “Bəli, müəllim, oxuyarsınız” - deyib getdim. Tərslikdən Novruz tətili düşdü araya. İlk dəfə idi ki, tətilin bitməyini istəyirdim.Və nəhayət tətil sona çatdı. Mühazirə dərsi idi, yenə bir neçə qrup birləşmişdi. Müəllim gələn kimi baxışlarını auditoriyada gəzdirməyə başladı. Bilirdim, məni axtarırdı. Səsimi çıxarmadım. Müəllim hündürdən dilləndi: “Xalası üçün mənə yaxınlaşan qız hardadır?” Söhbətdən xəbərsiz olan uşaqlar təəccüblə bir-birinin üzünə baxırdı. Bu dəfə müəllim sualını dəyişdi: “Nəriman Həsənzadəni görmək istəyən qız hardadı?” Hamı əlini mənə uzatdı. Pis iş tutmuş ibtidai sinif şagirdi kimi divarla mənə uzadılan barmaqların arasından yazıq-yazıq müəllimə baxdım. Bu dəfə qorxduğum heç nə olmadı, məktub missiyasını uğurla tamamlamışdı. Müəllim məktubumdan mütəəssir olduğunu deyib onda yaratdığı duyğuları dilə gətirdi. Və beləcə bağışlandım.
Bağışlandım, ancaq müəllimin dilindən qurtulmadım. Məni hər görəndə söz atıb zarafatlaşmağa davam etdi. Artıq zarafatlarından utanmırdım, çünki üzrüm qəbul olunmuşdu. Hətta müəllim həmin xala ilə Nəriman Həsənzadəni görüşdürəcəyinə də söz verdi. Sonra araya epidemiya və müharibə girdi. İllər keçdi. Həyat elə gətirdi ki, Nəriman Həsənzadə ilə ikinci görüşüm onun evində baş tutdu — eyni həyəcanla, eyni səmimiyyətlə. Bu dəfə tələbə kimi yox, ondan müsahibə götürən müxbir kimi. Bu xatirədə adı çəkilən digər həmin qadın artıq həyatımda yoxdur, yollarımızı ayrılmalı olduq. Məti müəllimlə isə üz-üzə görüşə bilməsək də, arabir zəngləşib hal-əhval tuturuq. Hekayəmizin qocaman qəhrəmanına gəlincə, o, bu gün 95 yaşına qədəm qoyur. Zaman keçsə də, sözü yorulmur, səsi hələ də eyni həzinliklə könlümüzə toxunur. Doğum gününüz mübarək, Nəriman bəy! Qəlbiniz həmişə bahar görsün!
Nəriman Həsənzadənin videomüsahibəsini buradan izləyə bilərsiniz: