"ABŞ-nin qarşıdakı həftələrdə İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90%-dir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios" nəşri Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən məlumat yayıb.
"Axios" bildirir ki, Birləşmiş Ştatlar son 24 saat ərzində Yaxın Şərqə 50 ədəd "F-35", "F-22" və "F-16" qırıcı təyyarəsi yerləşdirib.
Nəşr mənbələrinin fikrincə, ABŞ-nin İranda həyata keçirə biləcəyi potensial hərbi əməliyyat genişmiqyaslı olacaq və bir neçə həftə davam edəcək. Onların ehtimallarına görə, bu, ABŞ-nin yanvarda Venesuelada keçirdiyi hədəfli əməliyyatdan daha çox tammiqyaslı müharibəni xatırladacaq. İran əməliyyatı son on ildə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi müdaxiləsi ola bilər.
Mənbələr İsrailin də əməliyyatda iştirak edə biləcəyini düşünürlər. Bildirilir ki, İran üçün nəticələr 2025-ci ilin iyununda İslam Respublikasının nüvə obyektlərinə qarşı həyata keçirilmiş ABŞ-İsrail əməliyyatından daha genişmiqyaslı və əhəmiyyətli ola bilər. İki İsrail rəsmisinin sözlərinə görə, yəhudi dövləti yaxın günlərdə müharibəyə hazırlaşır.
Fevralın 17-də Omanın vasitəçiliyi ilə ABŞ-İran danışıqlarının ikinci raundu başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin "Axios"a açıqlamalarında ABŞ rəsmiləri Vaşinqton və Tehranın fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə şübhə ilə yanaşıblar.