RU

Xose Balkasar Perunun yeni müvəqqəti prezidenti olacaq

Xose Balkasar Perunun yeni müvəqqəti prezidenti olacaq

Peru parlamenti konqresmen Xose Mariya Balkasarı özünün yeni müvəqqəti sədri seçib və o, eyni zamanda fevralın 17-də Konqres tərəfindən etimadsızlıq rəyi verilən Xose Xerinin əvəzinə prezident postunu tutacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, iclasın yayımı qanunverici orqanın YouTube kanalında aparılıb. İclasın müvəqqəti spikeri Fernando Rospilyosi səsvermənin nəticələrinə əsasən konqresmen Balkasarın Konqres sədri seçildiyini elan edib. Bunun ardınca Balkasar Konqres sədri kimi and içib. İclasda elan olunan fasilədən sonra yeni spikerin həm də müvəqqəti prezident kimi and içəcəyi gözlənilir.

Balkasar son 10 ildə Perunun doqquzuncu dövlət başçısı olacaq. Onun namizədliyi Konqres sədrliyinə solçu "Azad Peru" partiyası tərəfindən irəli sürülüb. Bu partiyanın üzvü olan sabiq prezident Pedro Kastilyo 2022-ci ilin dekabrında Konqresi buraxmaq cəhdindən sonra qiyam təşkil etməkdə ittiham olunaraq hazırda həbsdə saxlanılır.

Fevralın 17-də Peru qanunvericiləri Xose Xeriyə qarşı rəsmi qrafikdə qeyd olunmayan Çinli iş adamları ilə görüşlərinə görə etimadsızlıq rəyi veriblər. Xeri parlament sədri olaraq, 2025-ci ilin oktyabrında prezident Dina Boluartenin impiçmentindən sonra bu ali postu tutmuşdu.

Respublika konstitusiyasına görə, prezidentlərə etimadsızlıq rəyi verilmir, lakin bu, parlament spikerinə şamil oluna bilər. Beləliklə, Xeri hər iki postunu itirmiş olub. Peruda növbəti dövlət başçısı seçkilərinin 12 aprel tarixinə keçirilməsi planlaşdırılır.

Избранный
81
afn.az

1Источники