AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “CBS News” telekanalının məlumatına görə, ABŞ administrasiyası “dinamik və davamlı” müzakirələri davam etdirir.
“Ağ Ev eskalasiya risklərini və təmkinliliyin siyasi və hərbi nəticələrini qiymətləndirir. Növbəti üç gün ərzində Pentaqon öz hərbi kontingentinin bir hissəsini müvəqqəti olaraq Yaxın Şərqdən əsasən Avropaya və ya ABŞ-yə köçürmək niyyətindədir”,– materialda deyilir.
Mənbələrdən birinin sözlərinə görə, bu cür addımlar mümkün əməliyyata hazırlıqlardan xəbər verə bilər, lakin özlüyündə bunun qaçılmaz olduğu anlamına gəlmir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə İrana zərbə endirmək üçün bir çox səbəb və arqumentin olduğunu bildirsə də, diplomatiyanın ABŞ prezidenti Donald Tramp üçün prioritet olaraq qaldığını vurğulayıb.
Xanım Livitt həmçinin ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə qarşı çox uğurlu əməliyyatını xatırladıb.
- İranın prezident Tramp və onun administrasiyası ilə razılaşması çox ağıllı addım olardı”, – Ağ Evin mətbuat katibi Tehrana məsləhət verib.
Daha əvvəl Trampın müşavirlərindən birinə istinad edən “Axios” portalı qarşıdakı həftələrdə birbaşa toqquşma ehtimalının 90% səviyyəsində olduğunu yazıb.
Xatırladaq ki, fevralın 17-də ABŞ və İran arasında Cenevrədə keçirilən son danışıqlar raundu başa çatıb. ABŞ vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, Vaşinqton Tehran üçün qırmızı xətləri, ilk növbədə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq tələbini müəyyənləşdirib.
“Biz nüvə silahlarının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, bəziləri dost, bəziləri isə o qədər də dost olmayan bir çox başqa rejimlər ortaya çıxacaq. Onlar da İrandan sonra nüvə silahı əldə etmək istəyəcəklər. Bu, Amerika xalqı üçün fəlakət olardı”,– Cey Di Vens vurğulayıb.
“Fox News” telekanalı bildirir ki, ABŞ İrana ultimatum verib : ya nüvə proqramını dayandırmalı, ya da “başqa variantlarla” üzləşməlidir.
İranın xarici işlər naziri Abbas Əraqçi, öz növbəsində, İslam Respublikasının nüvə silahına sahib olmağa çalışmadığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта