RU

Azərbaycanın rəqəmsal gələcəyi - Elnarə Akimova

Yazını böyüt
Yazını kiçilt

Qlobal iqtisadiyyatın gələcəyi data mərkəzləri, bulud texnologiyaları və alqoritmlər üzərində qurulur"

Müasir qlobal arena nə qədər müharibə və kataklizmlərlə üz-üzə qalsa da, innovasiyalara açıq yeni mərhələnin başlandığını nümayiş etdirir. Bu gün dünyanı heyrətləndirən əsas güc süni intellektin imkanları və təsir dairəsi ilə ölçülür. Dünya dövlətləri, o cümlədən Azərbaycan süni intellekti strateji prioritet kimi dəyərləndirir və bunu ən yüksək tribunalardan bəyan edir. Dünya nizamı tədricən ənənəvi hərbi gücdən daha çox, süni intellektin imkanları üzərində qurulan idarəetmə modelinə doğru dəyişir. Bəs biz bu yeni çağırışlara hazırıqmı?

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elnarə Akimova məsələyə Hafta.az-a müsahibəsində aydınlıq gətirib.

– Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə hansı yol xəritəsini ortaya qoydu?

– Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlət başçısının sözləri ilə desək, “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir”. Bu, sadəcə, texnoloji yenilənmə deyil, strateji seçimdir.

Dünyada rəqəmsal transformasiya artıq siyasi iradənin və iqtisadi gücün əsas göstəricisinə çevrilib. ABŞ və Çin süni intellekt yarışında liderlik uğrunda mübarizə aparır, Avropa İttifaqı rəqəmsal suverenlik konsepsiyasını irəli sürür, Cənubi Koreya və Sinqapur dövlət idarəçiliyini geniş şəkildə rəqəmsallaşdırır. Qlobal iqtisadiyyatın gələcəyi data mərkəzləri, bulud texnologiyaları və alqoritmlər üzərində qurulur. Azərbaycan da bu tendensiyaları düzgün qiymətləndirərək rəqəmsal inkişafı prioritet elan edib. Prezident açıq şəkildə bəyan edib ki, rəqəmsal inkişaf məsələsi ölkənin gələcək inkişafını böyük dərəcədə şərtləndirəcək.

– Bu iddianın arxasında hansı ciddi əsaslar dayanır?

– Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropanın kəsişməsində yerləşməsi – indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir. Dövlət başçısı qeyd edib ki, mövcud nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik xətlərə də transformasiya olunmalıdır. Xəzərin şərq sahilləri ilə bağlantını təmin edəcək fiber-optik kabel layihəsi, Şərq-Qərb istiqamətində yeni rəqəmsal xətlərin qurulması Azərbaycanın regional data habına çevrilməsi üçün real zəmin yaradır.

Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğulayıb ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə olunmayan potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın “yaşıl enerji” əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanlarını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.

İnvestisiya mühiti də rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması və uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb. Prezident bildirib ki, bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə əməkdaşlıqda da özünü göstərməlidir. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji sənədlər və Çinlə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sazişi Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslı əməkdaşlıq platformasına malik olduğunu göstərir. Dövlət başçısının ifadəsi ilə desək, “Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapmaq çətindir”.

Rəqəmsal transformasiya yalnız infrastruktur və investisiya ilə məhdudlaşmır. Dövlət idarəçiliyində vahid yanaşma əsas şərt kimi irəli sürülüb. Prezident dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə cəmlənməsini tapşırıb. Bu, Estoniya və Sinqapur kimi ölkələrin uğurlu e-hökumət modellərinə uyğun yanaşmadır. Süni intellektin dövlət qurumlarında tətbiqi, qərarvermə prosesində alqoritmik analizdən istifadə və kibertəhlükəsizliyin gücləndirilməsi yeni arxitekturanın əsas elementləridir. Prezident qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının fəaliyyətinə süni intellekt əsaslı sistemlər dəstək verir və Azərbaycan da bu təcrübəni nəzərdən keçirməlidir.

– Azərbaycanın yeni rəqəmsal arxitekturasında rəqəmsal nəslin formalaşması prosesi necə gedir və orta tədris məktəbləri buna hazırlanırmı?

– Qeyd etdiyim bütün bu proseslərin mərkəzində insan amili dayanır. Rəqəmsal dövlət yalnız rəqəmsal nəsillə mümkündür. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi ən strateji fikirlərdən biri orta məktəblərdə süni intellektlə bağlı ilkin biliklərin tədris proqramına daxil edilməsinin vacibliyi idi. Dövlət başçısı vurğulayıb ki, bu, uzunmüddətli prosesdir və gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq.

Bu yanaşma qlobal təcrübə ilə səsləşir. ABŞ-da məktəblərdə hesablama təfəkkürü tədris olunur, Çin süni intellekti təhsil proqramlarına daxil edib, Cənubi Koreya və Sinqapur isə ibtidai siniflərdən kodlaşdırmanı öyrədir. Çünki gələcəyin iqtisadiyyatı alqoritmlər üzərində qurulur.

Azərbaycanda da məktəblərdə süni intellektə dair biliklərin aşılanması yalnız proqramlaşdırmanın öyrədilməsi demək deyil. Bu, analitik düşüncə, problem həll etmə bacarığı, məlumat təhlükəsizliyi və rəqəmsal etik mədəniyyətin formalaşdırılması deməkdir. Şagird süni intellektin mahiyyətini, imkanlarını və risklərini anlamalıdır. Bunun üçün müəllim hazırlığı gücləndirilməli, müasir tədris materialları hazırlanmalı və məktəblərin texniki təminatı yaxşılaşdırılmalıdır. Regionlarda da eyni imkanların yaradılması rəqəmsal bərabərliyi təmin edəcək.

Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası enerji gücündən başlayaraq data mərkəzlərinə, oradan isə məktəb partalarına qədər uzanan vahid strategiyadır. Bu strategiya ölkəni yalnız regional nəqliyyat və enerji mərkəzi deyil, həm də rəqəmsal hab statusuna yüksəltməyi hədəfləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin birbaşa dövlət nəzarətinə götürülməsi həm daxili strukturlara, həm də beynəlxalq tərəfdaşlara aydın mesaj verir: Azərbaycan rəqəmsal gələcəyini planlı, sistemli və milli maraqlara əsaslanan şəkildə qurur. Bu yolun başlanğıcı artıq qoyulub və qarşıdakı illər ölkənin texnoloji sıçrayışının şahidi ola bilər.

Tahirə Qafarlı

Избранный
38
4
hafta.az

5Источники